Hüseyn Nuriyev
Hüseyn Nuriyev

Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► “LNS” MMC adı altında fəaliyyət göstərən bu şəxslər əsasən büdcə təşkilatlarında çalışanları hədəf seçir, onların maaşlarının azlığından istifadə edərək guya daha asan yolla varlanmağı vəd edirlər. Beləcə tora salaraq pullarını ələ keçirirlər”.

Bu sözləri AzEuroNews.com-a göndərdiyi şikayət məktubunda adının açıqlanmasını təhlükəsizliyi naminə xahiş edən bir vətəndaş (kimliyi bizə bəllidir) yazıb.

Onun sözlərinə görə, özü və bir neçə qohumu artıq bu şirkətin qurbanlarına çevrilib:“Lakin bizə elə adamların adı ilə hədə-qorxu gəliblər ki, rəsmi şikayət də edə bilmirik.

Ona görə də imkan daxilində adımın açıqlanmamasını xahiş edirik.  Belə ki, LNS adlı şirkəti işlədən Hüseyn Nuriyev adlı şəxsdir.

Özünü prezidentin vəkili adlandıran rejissor Ağalar İdrisoğlu ilə birlikdə 2014-cü ildə dələduzluğa görə cinayət məsuliyyətinə cəlb olunub.

Sonradan hansısa sehrli əlin köməyilə məsuliyyətdən yaxa qurtarıb və yenidən dələduzluqla insanların pullarını ələ keçirməyə başlayıb.

Plastik əməliyyat etdirərək simasını dəyişdirən Hüseyn Nuriyev özünə Əfruzə, Aynur, Əli, Validə, Nigar kimi yeni tərəfdaşlar toplayaraq guya Azərbaycanı dünyaya tanıtmaq adı altında sadəlövh insanların pullarını ələ keçirməklə məğuldur. Bu məqsədlə 3-5 manata “Sədərək” ticarət mərkəzində satılan saatları bizə satıblar.

Bildiriblər ki, biz də yeni üzvlər gətirib həmin saatlardan və ya başqa məhsullardan, məsələn, səyahət biletlərindən, ətir və kosmetik vasitələrdən satsaq, gəlir əldə edə bilərik.

Təsəvvür edin ki, 2 manatlıq ətirləri 40 manata satırlar. Lakin bu şəbəkəyə qoşulandan sonra hər kəs aldandığını başa düşür, pulunu istəyəndə isə hədə və şantajla üzləşir.

Bu zaman dəstəbaşçıları Hüseyn Nuriyevin adından bildirirlər ki, LNS şirkəti prezident İlham Əliyevə məxsusdur, onun xeyir-duası ilə yaradılıb. Ona görə də buradan alınan mallar qaytarıla bilməz”.

Şikayət məktubunda deyilir ki, onları həbslə təhdid edirlər: “Təəssüf edirəm ki, ali təhsilli olsam da sadəlövhlüyümdən bunların toruna düşmüşəm və çıxa bilmirəm.

Mənim indiydək 1500 manatımı ələ keçiriblər, amma hələ 1 manat gəlir götürməmişəm. Hüseyn Nuriyev, Əfruzə, Aynur, Əli, Validə, Nigar  və digər başda duran şəxslər isə pullarımızla tez-tez xaricə səfərlər edir, bahalı maşınlarda gəzir, restoranlarda nahar edirlər.

Hüseyn Nuriyev bu günlərdə yüzlərlə şəbəkə üzvünü aldadaraq 30-40 manata konsert bileti satıb ki, guya xeyriyyə konsertindən əldə edilən gəlir Saray qəsəbəsindəki xəstə uşaqlara və Ramanada ahıllara xərclənəcək.

Lakin həmin pulları mənimsəyib, heç bir xeyriyyə işi də görməyib. Hətta yaxınlarının dediyinə görə, Hüseyn Nuriyev artıq  Azərbaycanı həmişəlik tərk edib, xaricə getməyə hazırlaşır.

Xahiş edirəm ki, bu  dələduz şəbəkənin fəaliyyətini araşdırıb mənim kimi minlərlə sadəlövh insanın gözlərinin açılmasına və pullarımızın geri qaytarılmasına, dövlət qurumlarının bu dələduzların fəaliyyətilə maraqlanmasına kömək edəsiniz”.

Bu məsələ ilə bağlı elektron mediada kifayət qədər faktlar var. 1950-ci il təvəllüdlü Mehdiyev Ağalar İdris oğlunun maliyyə piramidası sxemi ilə fəaliyyət göstərən “LNS” şəbəkəsinə rəhbərlik etməsi haqqında bir müddət əvvəl KİV-də məlumatlar yayılıb.

Daha sonra Bakı Şəhər Baş Polis İdarəsində A.İdrisoğlunun da daxil olduğu mütəşəkkil dəstə barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə (mütəşəkkil dəstə tərəfindən dələduzluq) cinayət işinin açılmasına dair Daxili İşlər Nazirliyi məlumat yaymışdı.

Rəsmi məlumatda göstərilir ki, Nəsir Hüseynov, Əhliman Camalov, Hüseyn Nuruyev, Ağalar Mehdiyev, Asim, Qalib və s. şəxslər dələduzluq yolu ilə Bakı şəhər sakinləri Nəsib Qəhrəmanovadan 1850 manat, Qılman Nəsibovdan 1331 manat, İbrahim Məmmədovdan 2300 dollar, Rasim Qəhrəmanovdan 1500 manat, Fərhad Abdulovdan 1500 manat, İdris Şahbazovdan 1150 manat, Şamil Seyidzadədən 1650 manat, Pəhləvan Xudiyevdən 1220 manat, Rahim Cəfərovdan 1500 manat, Şəms Cabbarovadan 1455 manat, Ramilə Cəfərovadan 1425 manat, Sumqayıt şəhər sakini Hüriyyə Məmmədəliyevdən 3950 manat, Göyçay rayon sakinləri Samir İsrafilovdan 1175 manat, Elşən Əliyevdən 1500 manat, Füzuli rayon sakini Afət Alıyevdən 1650 manat və Beyləqan rayon sakini Müşfiq Şixəliyevdən 1850 manat almaları barədə Nizami Rayon Polis İdarəsinə aprelin 22-də ərizə ilə müraciət olunub.

Bu şəxslər şəbəkə marketinqi vasitəsilə vətəndaşları aldatmaqda, onları işə düzəltmək və gəlir əldə etmək vədi ilə müxtəlif məbləğlərdə pul almaqda ittiham olunurlar.

İndiyədək verilən rəsmi məlumata görə, Ağalar İdrisoğlu, Nəsir Hüseynov, Rasim Muradovun barəsində Xətai rayon məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.(http://www.azerfax.az/news_1516.html), http://virtualaz.org/bugun/22454

Qarşı tərəfi dinləməyə hazırıq.