Rusiyada bütün əskinasların dizaynını yeniləmək lazımdır.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Banklar Assosiasiyasının prezidenti Qeorqi Luntovski “XXI əsr Rusiya bankları” forumu çərçivəsində məlumat verib.

Xatırladaq ki, Q.Luntovski 1999-2017-ci illərdə Rusiya Bankında (Mərkəzi Bank) işləyib və pul dövriyyəsinə cavabdeh olub. Dizaynı digər banknotlardan fərqlənən 200 və 2 000 rublluq əskinasların dövriyyəyə buraxılması da məhz onun işlədiyi dövrə təsadüf edib.

“Biz artıq fərqli dizaynlı 200 və 2 000 rublun buraxılışına başlamışıq. Hesab edirəm ki, bütün əskinaslar yenilənməlidir. Bunun üçün keçirdiyimiz müsabiqə zamanı toplanmış ideyalardan yararlanmaq olar. Dizaynın yenilənməsinə hansı əskinasdan başlamaq isə Mərkəzi Bankın qərarı olacaq. Bu məsələ hələ biz 200 və 2000 rublun buraxılışına başlayandan müzakirə olunur. Sadəcə, uyğun vaxtı seçib əvvəlki əskinasların buraxılış təcrübəsi əsasında prosesi reallaşdırmaq lazımdır”.