Yunis Cəfərov/AzEuroNews.com ► ► ► Cəlilabadın Alar və Günəşli kəndlərində əhalini panikaya salan manyaklar peyda olub. AzEuroNews.com-un aldığı xəbərə görə, bu naməlum şəxslər evlərə basqın edirlər.

Onlar sahibləri olmayan saatlarda evləri daşlayırlar, pəncərələrini sındırırlar, mənzillərə daxil olub əşyaları ələk-vələk edib, tökürlər, insanları qorxu, təşviş içində saxlayırlar.

Qəribədir ki, bu müəmmalı basqınları təşkil edənlər evlərdən heç bir əşya oğurlamırlar. Sadəcə, insanları qorxutmaq üçün edirlər.

Sakinlərin verdiyi məlumatda deyilir ki, Alar kəndindən başlanan hadisələr indi Günəşlidə  davam edir. Oxuculardan biri daşa basılmış və geyimləri yerə səpələnmiş evlərdən birinin videosunu göndərib.

Videoda deyilir ki, Günəşlidə yenə evə soxulublar, gəlinin ürəyi gedib. Ev sahibinin Rahil kişi olduğu xəbər verilir. Bu manyakların kimlər olduğu bilinmir.

Polis bir neçə dəfə daşlanmış evlərə gəlib, baxış keçirib, amma şübhəli şəxs qismində kimsə saxlanmayıb. Ona görə kənd camaatı təşviş içindədir, gecələr evlərində səksəkə içində yatırlar.

Cəlilabad Rayon Polis Şöbəsinə və Daxili İşlər Nazirliyinə müraciət edən Günəşli camaatı həmin şəxslərin tezliklə tapılaraq məsuliyyətə cəlb olunmasını xahiş edirlər.

Məsələ ilə bağlı AzEuroNews.com Cəlilabad Rayon Polis Şöbəsi ilə əlaqə saxlayıb. Şöbədən saytımıza bildirilib ki, sözügedən hadisələrlə bağlı araşdırma hələ də davam etdirilir.