Bu gün – 11 sentyabr ABŞ tarixinə faciə kimi həkk olunub. Modern.az-ın məlumatına görə, 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin binaları terror hücumları zamanı partladılmışdı. 11 sentyabr terror aktları Əl-Qaidə terror təşkilatı tərəfindən ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktlarından ibarət olub.

Yerli vaxtla saat 08:46-da “American Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılıb. İnsanlar bu terrorun şokunda ayılmamış, 09:03 radələrində Cənub qülləsi bənzər hücuma məruz qalıb. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi-Pentaqonun binası da terroristlərin idarə etdikləri təyyarə tərəfindən vurulub. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlanıb. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirilirdi.

Bu hadisələr nəticəsində 2976 sadə vətəndaş həlak oldu. Eyni zamanda 6 mindən çox insanın yaralanması ilə nəticələn hadisə ABŞ-ı çox sarsıtdı. Bu hadisələr ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəyə başlamasına, əvvəlcə Əfqanıstan və daha sonra İraqa qarşı hərbi əməliyyatlara start verilməsinə təkan verdi.