Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

“Report” xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv “Dalğa Arena”da Norveçi qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Əsas millinin baş məşqçisi Qurban Qurbanovun da canlı izlədiyi qarşılaşmanın ilk yarısında qapılara qol vurulmayıb.

Fasilədən dərhal sonra rəqib ardıcıl 2 dəfə fərqlənib. 48-ci dəqiqədə Birk Risa, 50-ci dəqiqədə Morten Torsbi Kamran İbrahimovun qoruduğu qapıya yol tapıb. 56-cı dəqiqədə Barış Ekincier fərqi azaltsa da, Torsbi 76-cı dəqiqədə özünün ikinci, komandasının üçüncü qolu ilə yekun nəticəni müəyyənləşdirib.

Beləliklə, Azərbaycan millisi 5-ci qrupdakı 9-cu oyunundan sonra 2 xalla sonuncu pillədə qalıb. Komanda bu nəticə ilə növbəti mərhələyə yüksəlmək şansını itirib. Norveç yığması isə 8 oyundan sonra 14 xal toplayıb.

Azərbaycan yığması sonuncu – onuncu görüşünü də oktyabrın 10-da səfərdə Norveç millisinə qarşı keçirəcək.

11 sentyabr

Avropa çempionatı, seçmə mərhələ

20:00. Azərbaycan – Norveç – 1:3

Barış Ekincier, 56 – Birk Risa, 48. Morten Torsbi, 50: 76

Hakimlər: Barbeno Luka, Françesko Lunardon, Salvatore Tuttifrutti, Mişel Skarpino (San Marino)

“Dalğa Arena”