AzEuroNews.com ► ► ► “Sevgili anam və atam, sizi və əzilən xalqların mübarizəsini erkən tərk etməyə məcbur qaldığım üçün çox məyusam. Heç bir peşmanlığım yoxdur və bu mübarizənin içində olanlardan biri kimi qürur duyuram.

Hakim siniflərin göstərdiyi kimi deyil, biz heç vaxt əliyalın insanlara qarşı qətliam etməmişik. Qardaşlarıma və bacılarıma salam söyləyin.

Onlara da ayrıca məktub yazmaq istəyərdim, amma buna vaxt yoxdur. Əllərinizdən öpürəm, salamat qalın…”

1980-ci il. Ankara. Gecə 03:40

***

Ah gedir…budur gedir, göz görəgörə

Bir rüzgar uğultusu buraxaraq yanan atəşə…

Saçları buğda sarısı, gözləri dəniz mavisiydi. 1958-ci il. Ankaranın Altındağ ərazisində dünyaya göz açıb. İldırım Bəyazid liseyində oxuyub, uzun boyu, idmançı görkəmi olan bir gənc imiş.

Saatlarla topla oynayar, heç yorulmazmış. Enerjili olduğu qədər kitab oxumağı sevən bir təbiətə sahib imiş.

Və 17 yaşında, o da inqilabın gözəlliyinə vurulur, azadlıq sevdasına tutularaq geriyə dönüşü olmayan bir eşqin arxasınca quş kimi uçmağa başlayır – Nəcdat Adalı…

Onu “inqilabın zadəgan uşağı” adlandırırdılar. Onsuz da çox zaman devrimçilər təhsilli, təminatlı ailələrdən çıxırlar.

***

Bu gün 12 sentyabrdır. Bu qanlı təqvimin ilk qəhrəmanı olan Nəcdatdan yazmaq istəyim də ondan irəli gəldi.

Nəcdat “12 sentyabr” rejiminin, generalların ilk edam etdiyi gəncdir. Qana susamış Kənan Evrən xuntası çiçəyi burnunda olan gənclərin axırına çıxmaq üçün Nəcdatdan başlamışdı.

Qurtuluş Hərəkatına qoşulan Adalını Ankaradakı məhəllələrin birində evə basqın edərək tuturlar. Onunla birlikdə daha 4 nəfər olur.

Nəcdat 1977-ci ilin oktyabrında kimliyi bilinməyən şəxslər tərəfindən İsmətpaşa məhəlləsindəki qiraətxanaya silahlı hücumla bağlı şübhəli bilinərək həbs edilir.

Silahlı basqında bir MİT əməkdaşı olmaqla iki nəfər ölür, biri yaralanır. Amma bu hadisəni kimlərin törətdiyi bilinmir. Nəcdat və dostları Ulucanlar həbsxanasına  göndərilirlər.

Burada dostarı həbdən qaçış planı qururlar, Nəcdat isə “necə olsa günahsızlığım aydınlaşacaq” deyə qaçış tərəfdarı olmur.

Bu plandan həbsxana nəzarətçiləri xəbər tuturlar, amma içərilərindən təkcə Kamal Ergin qaçmağı bacarır.

Kamal 1981-ci ildə Fələstin Azadlıq Təşkilatının sıralarında mübarizə apararkən Livanın Sur şəhərində dənizdə boğularaq ölür. Onun məzarı Beyrutdakı Fələstin şəhidliyindədir.

***

Nəcdat adi məhkumlarla düşən bir davaya görə Bitlis həbsxanasına sürgün edilir, edam qərarından sonra isə Mamak zindanına aparılır.

Burada onunla Erdal Erən (yaşı artırılaraq edam olunub) eyni hücrəni bölüşürlər. Hətta Erdalın azyaşlı olmasına görə ona verilmiş cəzanı Necdat öz üzərinə götürür, belə oğul olub…

Və o zaman gəlir ki, N.Adalı barəsində 12 sentyabrın qara kağızı çıxır. İllərlə Adalının barəsində edam hökmünün hakim Hamdi Sevinc tərəfindən verildiyi bilinsə də, sonradan bu şərəfsizliyin müəllifinin hakim Üstün Günsan olduğu aydınlaşır.

Halbuki, edam qərarının icrası üçün Məclisin qanunu olmalıydı. Onun vəkilləri yeni parlament qurulana qədər edamın ertələnməsini xahiş edirlər, atası İsmayıl Adalı da konseyə müraciət edir. Amma inqilabın ilk qurbanı haqda qərar dəyişmir.

***

Ankara Ulucanlar mərkəzi həbsxanası 8 il sonra yenidən günahsız bir fidanın edamına şahidlik edəcəkdi.

1972 -ci ildə eyni dar ağacında Dəniz Gəzmiş, Hüseyn İnan və Yusif Aslan asılmışdılar. Faşizm qaldığı yerdən davam edirdi…

Və 12 sentyabr hadisələrinə görə Necdatın 3 ay davam edən məhkəməsi bitir, o məhşər günü gəlir: Adalının əllərindəki qandallar açılır, “çabuk ol”  deyə onu ailəsinə vida məktubunu tez yazmağa tələsdirirlər, ölümə daha erkən çatmasını, qaniçənlərin ondan xilas olmasını istəyirlər.

Edam köynəyi boynunu sıxmışdı, hakimin üzünə baxıb gülümsəyərk “dar olub” söyləyir. Ölümün kandarında da məğrurluğunu itirmir.

Dar ağacının altına ofis stolu qoyulmuşdu, üstündə də stul varıydı. Cəllad ipi boynuna keçirir.

O anda səsi Dənizin səsi kimi göylərə qalxdı və ip boğazında olan Necdat “Yaşasın türk və kürd xalqlarının qardaşlığı, rədd olsun faşizm” deyərək cəllad ayağının altındakı tableti itələyir…

Ayaqları stola dəyirdi, daha çox əzab çəkməsin deyə masanı kənara çəkirlər və 15 dəqiqə gözləməli olurlar.

15 dəqiqə…həkim saata baxır və “tamam” deyir. 1980. 8 noyabr. saat 03:40

Edamın hökmünü onun üzünə oxuyan hakim Ali Fahir Kayaca illər sonra TGRT kanalına müsahibə verir: “Dini ritual istəmədi, amma imam bir qıraqda durub sakitcə dua oxuyurdu…Saniyələr qalmış dedi ki, əfəndim, bu köynəyin iki düyməsini aça bilərsiz? Bunu heç vaxt unuda bilməyəcəm. Ölümünə saniyələr qalır, amma boğazını sıxan iki düyməsinin açılmasını istəyirdi. Hamısında bir qorxu var, bunu o an hiss etdirməsələr də…Özünüzü onların yerinə qoyun. Mənim iştirak etdiyim edamların çoxunda gənclər son söz olaraq şüar səsləndirirlər… “

***

Arzuları çox uzaqlarda olan cavanı mühakiməsiz ölümə göndərirlər, etmədiyi cinayət üstündə!!!

Necdat 12 sentyabr repressiyalarının ilk öldürülən inqilabçı gənci kimi tarixə adını yazdırır.

Kəfəni üstündəydi onun, tabuta qoyurlar, ailəsinə belə xəbər vermirlər ki, övladınızın cənazəsini götürün, özləri səhərə yaxın Karşıyaka (Dəniz gəzmişlərin uyuduğu yer) məzarlığında torpağa tapşırırlar.

Çox çəkmir ki, İsmətpaşa məhəlləsindəki qiraətxanaya silahlı basqın edib 2 nəfəri öldürən qatillər yaxalanır. Necdatın canını heyf edirlər. Az sonra Erdalı da belə asırlar.

Hamımızı inqilabi romantizmə yoluxduran Əhməd Qayanın pasport mahnısı olan və himninə çevrilmiş “Şəfəq türküsü” Necdat Adalıya həsr olunub.

Mahnının sözlərindəki “məni burada arama anne…” səbəbsiz deyil. Övladının artıq edam olunduğundan xəbərsiz qara bəxtli ana səhər tezdən həbsxana qapısına Necdat üçün sovqat aparır və onu gözü yaşlı geri qaytarırlar. Necdatın 03:40 saatında canını almışdılar.

Beni burada arama anne

Kapıda adımı sorma

Saçlarına yıldız düşmüş

Koparma anne, ağlama

Kaç zamandır yüzüm tıraşlı

Gözlerim şafak bekledim,

uzarken ellerim Kulağım kirişte

Ölümü özledim anne, Yaşamak isterken delice…