Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Avropada yaşayan azərbaycanlılar mayor Əbdürrəhman bəy Fətəlibəyliyə görə toplaşacaq. AzEuroNews.com xəbər verir ki, bu barədə məlumatı Almaniyada yaşayan həmvətənimiz Qurban Ələkbərov “facebook”da paylaşıb:

“Bildiyiniz kimi 2012-ci ildə Almaniyada fəaliyyət göstərən Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyinin təşəbbüsü və Avropada yaşayan həmvətənlərimizin maliyyə dəstəyi ilə mayor Fətəlibəyli Düdənginskinin Almaniyanın Neu-Ulm şəhərində yerləşən məzarını xilas etmə aksiyası həyata keçirilmişdi. Mayor Fətəlibəyli Düdənginski həm 2-ci Dünya Müharibəsi, həm də sonrakı dövrdə Azərbaycan milli ideyasının qorunub saxlanılmasında böyük rol oynamış insanlardan biridir. Biz artıq iki dəfə bu məzar ətrafında toplaşmışıq: 2012 və 2015-ci illərdə. Bu il belə bir ziyarət sentyabr ayının 22-də planlaşdırılır. Bütün dostları, xüsusilə Bavariya və Baden-Vürttemberqdə yaşayan dostları iştirak etməyə dəvət edirik” (https://www.facebook.com/events/498609603988718/?active_tab=about)

Q.Ələkbərov qeyd edək k, tədbirdən sonra bir qayda olaraq restoranda birlikdə yemək və müzakirələr aparmaq imkanı nəzərdə tutulur.

Məlumat üçün qeyd edək ki,  II Dünya müharibəsində Almaniyada Azərbaycan legionuna rəhbərlik etmiş Əbdurrəhman bəy Dudənginskinin həyati və ölümü sirli və mübahisəli məqamlarla doludur. Əbdurrəhman bəy haqda tapılan, yazılan hər yeni məlumat böyük maraq doğurur.

Əbdürrəhman bəy Fətəlibəyli əslən Naxçıvanın Düdəngə kəndindən olduğundan Düdənginski təxəllüsünü daşıyırdı. Bir fərziyyəyə görə müharibənin əvvəllərində almanlara əsir düşmüşdü, digər iddiaya görəsə könüllü olaraq almanlar tərəfinə keçmişdi.

Ondan sonra Düdənginskinin əsas işi Almaniyada olan azərbaycanlı əsriləri azad etmək olub. O, Məhəməd Əmin Rəsulzadə ilə birləşərək, əsirlərin hüquqlarının artırılması yönündə iş görür. Almanların tərəfində sovetlərə qarşı vuruşan mayor Düdənginski sərkərdəlik məharətinə görə Almaniyada qəhrəman adı almışdı.

Düdənginski bütün sahələrdəki fəaliyyətində Azərbaycan xalqının müstəqilliyi uğrunda çalışıb. Həm II Dünya Müharibəsindən sonra yaradılan “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının, həm də mühacirətdə iki dildə çıxan “Azərbaycan” qəzetinin baş redaktoru olub.

Düdənginskinin son günləri Almaniyanın Münhen şəhərində keçib. Onun qətli azərbaycanlı casusun əli ilə gerçəkləşdirilib.