Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► İstanbulda tikilməkdə olan üçüncü hava limanında Türkiyə polisi əməliyyat keçirib. AzEuroNews.com xəbər verir ki, əməliyyat nəticəsində işçilərdən 543-ü saxlanılıb.

Məlumata görə, işçilər tikinti ərazisindəki şəraitdən şikayətlənərək etiraz aksiyası keçirib. Türkiyə İnşaat-iş Birliyi təşkilatından verilən məlumata görə, səhər saatlarda xüsusi təyinatlı polis dəstələri işçilərin qaldığı otaqların qapılarını qıraraq əllərindəki siyahıya uyğun onları saxlayıb.

Birlik qeyd edib ki, işçilər neçə aydır yeməklərdən, kampı xatırladan qaldıqları yerdəki şəraitsizlikdən, tualet və hamamlardakı antisanitariya şəraitindən şikayətləniblər.

Məlumat üçün bildirək ki, bundan öncə də Türkiyə İş və Sosial Müdafiə Nazirliyi  hava limanının tikintisi zamanı 27 nəfərin iş qəzası nəticəsində öldüyü ilə bağlı məlumat yayıb.

Türkiyədəki insan haqları müdafiəçiləri iddia edir ki,  üçüncü hava limanının tikintisində 30 mindən çox işçi çalışır və onlarla qeyri-insani rəfdar edilir.