Portuqaliyalı hücumçu Kriştianu Ronaldu İtaliyanın “Yuventus” klubunun heyətində rəsmi oyunda ilk qolunu vurub.

“Report” xəbər verir ki, 33 yaşlı hücumçu “Sassuolo” ilə A Seriyasının IV tur matçında dubl edib.

O, 50 və 65-ci dəqiqələrdə fərqlənib. Qonaq komandanın yeganə qolunu 90+1-ci dəqiqədə Xumar Babakar vurub. 90+4-cü dəqiqədə Duqlas Kosta qırmızı vərəqə alaraq, meydan sahiblərini azlıqda qoysa da, Turin komandası qələbəni əldən verməyib – 2:1.

Bununla da, “Yuventus” xallarını 12-yə çatdıraraq, vahid liderliyini davam etdirib. “Sassuolo” isə 7 xalla 3-cüdür.

Ronaldu “Yuventus”a iyulun 10-da Madrid “Real”ından 100 milyon avroya transfer olunub.