Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Almaniyanın böyük şəhərlərindən olan Kölndə irçiliyə qarşı etiraz aksiyası keçirilib. AzEuroNews.com xəbər verir ki, aksiyada 12 minə yaxın insan iştirak edib. İştirakçılar irqçilik əleyhinə yazılmış plakatlarla Köln Kafedralı qarşısından yürüşə başlayıblar.

Miqrantların bu ölkənin bir parçası olduğunu vurğulayanlar “Köln rənglidir, rəngli qalacaq” şüarını səsləndiriblər.

Almaniyanın Xemnits şəhərində gəlmələrə qarşı keçirilən aksiyaları pisləyən iştirakçılar daha sonra “Hər kəsə yetəcək Köln pivəsi var”, “Sevgi nifrətdən üstündür” kimi maraqlı şüarlar səsləndirərək mərkəz küçələrə doğru yürüş ediblər.

Məlumat üçün qeyd edək ki, irqçilik əleyhinə təşkil olunan aksiyaya Almaniyanın siyasi partiyalarının üzvləri və vətəndaş cəmiyyətinin tanınmış nümayəndələri də qatılaraq dəstək olublar.

Xatırladaq ki, Almaniyanın Xemnits şəhərində 35 yaşlı alman vətəndaşı Danielin bir iraqlı və suriyalı tərəfindən qətlə yetirilməsindən sonra kütləvi aksiyalar keçirilib. “Neo-nazist” qüvvələrin iştirakı bu dinc aksiyaları iğtişaşlara çevrilsə də, polis gücünə yatırılıb. Daha sonra şəhərdə irqçilik əleyhinə 65 min nəfərin iştirakı ilə konsert keçirilib.