Foto © Michal Jarmoluk / pixabay.com
Foto © Michal Jarmoluk / pixabay.com

Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Yüksək ixtisaslı əcnəbilər üçün Almaniyada ış tapmaq çətin deyil. Lakin bu fikri adi işçilər və ixtisasa yiyələnməyən əcnəbilər haqqında demək olmaz. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a verilən məlumata görə, buna baxmayaraq, bir çoxları Almaniya Federativ Respublikasında (AFR) iş tapacaqlarına ümidi itirmir, bəzən isə buna dolayı yollarla nail olmağa çalışırlar. Son illərdə ölkədə qeyri-rəsmi işləyənlərin sayı azalsa da, Almaniya iqtisadiyyatı əvvəllər olduğu kimi yənə də əmək bazarında işləyən “qara işçilər” sayəsində il ərzində milyardlarla avro itirir. Qanunsuz əmək fəaliyyəti ilə məşğul olanların çox hissəsi tikinti sahəsindədir. Bu təxminən qanunsuz əmək fəaliyyəti ilə məşğul olanların 39%-ni təşkil edir. Həmçinin avtomobil təmiri sexlərində, hotel və restoran biznesində, bərbər və taksi xidmətlərində də qanunsuz əmək fəaliytəti ilə məşğul olanlar kifayət qədərdir. Qeyri-rəsmi işcilərin 17% -i özəl sektorda “yardımçı ” və ya “yarımştat” kimi çalışır. Bunlar tibb bacısı, xadimə, bağban, uşaq baxıcısı və s. ola bilər . Belə işçilərin əksəriyyəti Mərkəzi və Şərqi Avropa ölkələrindən gələnlərdir. Həmin ölkələrə Bolqarıstan, Rumıniya və Balkan ölkələri daxildir. Hazırda Almaniyada olan qanunsuz əmək miqrantlarının sayı bəlli deyil.

Ekspertlərin fikrincə, 2018-ci ildə Almaniya iqtisadiyyatınin kölgə sektorunda gəlir 323 milyard avro təşkil edəcək. Demək olar ki, son illərdə sabit iqtisadi artım və işsizliyin nisbətinin azalması səbəbindən Almaniyada qanunsuz əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin müəyyənləşdirilməsini polis həyata keçirmir, bununla gömrük orqanları məşğul olur.

Soydaşlarımızın nəzərinə çatdırırıq ki, tikinti sahəsində və ya avtomobil təmiri sexlərində qeyri-rəsmi olaraq işləyənlərin müəyyən edilməsi üçün mütəmadi reydlər aparılır. Özəl sektorda bunun izlənməsi bir az çətinlik yaradır.

Almaniyada əcnəbini qanunsuz işlə təmin edən hüquqi və fiziki şəxsi 5 min avrodan 500 min avroya kimi cərimə, müstəsna hallarda isə 10 ilə kimi həbs cəzası gözləyir.