Rusiya və Türkiyə İdlibdə hərbsizləşdirilmiş zonanın yaradılması barədə razılığa gəlib. Modern.az “RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra bildirib.

Rusiya prezidenti qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə olunduğunu bildirib: “Baş tutan görüşdə biz bu vəziyyəti ətraflı şəkildə nəzərdən keçirdik və cari ilin oktyabr ayının 15-dək silahlı müxalifət və hökumət qoşunlarının təmas xətti boyunca 15-20 km dərinliyində hərbsizləşdirilmiş zona yaratmaq qərarına gəldik”.

Vladimir Putin bildirib ki, zonaya Türkiyə bölmələrinin səyyar keşikçi qrupu və Rusiya hərbi polisi nəzarət edəcək.

Türkiyə prezidentinin təklifi ilə oktyabrın 10-dək bütün müxalifət qruplaşmalarının ağır silahları, tankları, reaktiv yaylım atəşi sistemləri, topları və minaatanları zonadan çıxarılacaq.