Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyaya gəlişi səbəbi ilə keçiriləcək aksiyaya icazə verilməyib. AzEuroNews.com xəbər verir ki, Almaniya Kürd Cəmiyyəti Dərnəyi polisin Ərdoğan əleyhinə keçirəcəkləri aksiyaya qadağa qoymasını etirazla qarşılayıb.

Berlin polisidən bildirilib ki, qadağaya səbəb oktyabrın 3-də Şərqi və Qərbi Almaniyanın birləşməsi ilə bağlı keçiriləcək tədbirə hazırlıq göstərilib.

Məlumat üçün qeyd edək ki, Almaniya Kürd Cəmiyyəti Dərnəyi Berlindəki Brandenburq qapısı qarşısında Türkiyə prezidentinin əleyhinə etiraz aksiyası keçirməyi planlaşdırmışdı. Aksiya sentyabrın 29-da nəzərdə tutulmuşdu.

Almaniya Kürd Dərnəyinin sədr müavini Mehmet Tanrıverdi ölkə daxilində xüsusilə, Berlində etiraz aksiyalarını təşkil edəcəklərini və Bundestaqda təmsil olunan müxtəlif təşkilat və partiyaların nümayəndələrini onlara dəstək verməyə dəvət etdiklərini bildirmişdi: “Berlindəki etiraz aksiyamıza 20 min insanın qatılacağı gözlənilir. Tələbimiz Türkiyədəki siyasi məhbusların sərbəst buraxılması, ölkədə hüquq və azadlıqların təmin edilməsi  və Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatları ilə bağlı olacaq”.

Xatırladaq ki, Almaniya prezidenti Frank-Valter Ştaynmayer Rəcəb Tayyib Ərdoğanı Almaniyaya dəvət edib. Səfərin sentyabrın 28-də baş tutacağı gözlənilir.