Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi qaydası təsdiq edilib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən arıçılar saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat məbləğində subsidiya alacaqlar.

Arı ailələrinin (pətəklərin) identikləşdirilməsi və hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üçün arıçılıq təsərrüfatları “Arıçılıq təsərrüfatlarının uçotu Qaydası”nın tələblərinə uyğun uçota alınmalıdır. Subsidiya verilməsinin təşkili üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayon (şəhər) komissiyaları yaradılacaq.

Bu qərar 2018-ci il də daxil olmaqla, 5 il müddətində qüvvədədir.