Yunis Cəfərov / AzEuroNews.com ►  Ölkə mediası ötən gecə Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, azərbaycanlı iş adamı Etimad İsmayılovun İstanbuldakı ofisində qətlə yetirilməsindən danışır.

AzEuroNews.com xəbər verir ki, onu qətlə yetirən şəriki Gözəl Dəmirov sabiq polis rəisi, iş adamıdır. Türkiyə mediasında qeyd edilir ki, Etimad İsmayılov və Gözəl Dəmirov şərikli inşaat və təşkilatçılıq işi ilə məşğul imişlər, aralarında borc məsələsi olub.

 ► Sevil Nuriyeva: “Dünya yıxılıb altında qalmışam”

Hadisə zamanı tərəflər borc məsələsinə görə mübahisə edib. Mübahisə getdikcə böyüyüb və davaya çevrilib. Bu zaman Dəmirov silahını çıxararaq şərikinə 3 dəfə atəş açıb.

Son məlumata görə, Gözəl Dəmirov gecə saat 01:00 radələrində Beşiktaşda saxlanılıb. Cinayətdə istifadə olunan silah polis tərəfindən götürülüb. Hadisə ilə əlaqədar daha bir nəfər – Gözəl Dəmirovun sürücüsü də polis tərəfindən saxlanılıb.

Sevil Nuriyeva
Sevil Nuriyeva

“Mən indi heç bir şey bilmirəm. Bu haqda danışmağa da gücüm yoxdur”. Bu sözləri qafqazinfo-ya Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun həyat yoldaşı tanınmış jurnalist Sevil Nuriyeva deyib.

Göz yaşlarını saxlaya bilməyən S.Nuriyeva hisslərini belə ifadə edib: “Elə bil dünya yıxılıb altında qalmışam”.

 ► İlyas İsmayılov: “Axırıncı dəfə 3-4 gün qabaq danışdıq”

Modern.az saytı oğlu öldürülən Ədalət partiyası sədri, keçmiş deputat İlyas İsmayılovla əlaqə saxlayıb. O, xəbərin şokundan heç nə düşünə bilmədiyini deyib.

“Ata üçün oğul itkisi çox ağırdır. Etimadın itkisi hamımızın ürəyini ağrıdır. Xəbərin ağırlığından çox sarsılmışam.

Axırıncı dəfə 3-4 gün bundan qabaq telefon danışığımız olub. Xüsusi şübhələndiyimiz kimsə də olmayıb. Başqa nəsə danışa bilmirəm. Sadəcə, Etimadın öldürülməsi mənə pis təsir edib. Heç nə düşünə bilmirəm”.

İlyas İsmayılov
İlyas İsmayılov

İlyas İsmayılov qısa olaraq qatilin oğluna borcu olduğunu bildirib. Etimadın kiminləsə problemi olmayıb. O, iş adamı olub və həmin qatilin də ona borcu olub”.

 ► Mahmud Hacıyev: “Dəmirov mərd, ürəkli insan idi, kasıba əl tutan idi”

Onu qətlə yetirən biznes şəriki Gözəl Dəmirov haqda danışan sabiq polis rəisi Mahmud Hacıyev AXC hakimiyyəti dövründə onunla birgə çalışdığını bildirib.

M.Hacıyev onun müsbət xarakterli bir şəxs  olduğunu vurğulayıb: “Gözəl Dəmirov səhv xatırlamıramsa, əslən Sabirabaddan idi.

Hardasa 66-67 yaşı olar. Ucaboylu, ağbəniz, cüssəli kişi idi. Cavan vaxtlarında Bakı İstintaq İdarəsində, daha sonra Daxili İşlər Nazirliyində idarə rəisi işləyib. Biz onunla Daxili İşlər Nazirliyində bir yerdə işləmişik. Bir orqan işçisi kimi münasibətlərimiz olub.

Çox yaxşı, mərd, ürəkli insan idi, kasıba, imkansıza əl tutan idi. Müharibə vaxtlarında çox köməklikləri olub, bu cür hərəkəti edəcəyini ağlıma belə gətirməzdim.

90-cı illərin əvvəllərində beynəlxalq konvensiyalara uyğun olmasa da, Pakistandan, Əfqanıstandan mücahidlər gəlib Qarabağda bizə kömək edirdilər.

Mahmud Hacıyev
Mahmud Hacıyev

Gözəl Dəmirovun  onların Azərbaycana gəlməsində, döyüş bölgəsinə aparılmasında xüsusi əməyi olub. Həqiqətən nümunəvi işçi idi.

Çox müsbət adam idi. O vaxt Müdafiə Nazirliyi yox idi. Müharibədə vuruşanların, köməklik edənlərin əksəriyyəti elə polislər idi. Gözəl Dəmirov da ən yaxşılardan biri idi”.

 ► Etimadla Sevilin film kimi hekayəsi…

E.İsmayılov 1969-cu il iyunun 22-də anadan olub. S. Nuriyeva ilə 2011-ci ildə ailə həyatı qurub. Dostları onların böyük sevgi hekayələrinin olduğunu bildirib.

Qafqazinfo.az yazıb ki, cütlüyün qovuşması da asan olmayıb. Belə ki, S. Nuriyeva  ilə E. İsmayılov  gənc yaşlarından bir-birini seviblər.

Ancaq ailələr arasındakı anlaşılmazlığa görə qovuşa bilməyiblər. Böyük bir eşq yaşayan Nuriyeva ilə İsmayılov bir müddət, hətta ayrılıq qərarı alıblar.

Sevil Nuriyeva və Etimat İsmayılov
Sevil Nuriyeva və Etimat İsmayılov

Daha sonra 2008- ci ildə E. İsmayılov həbs edilib. Belə ki,  o, Bakıdan Moskvaya qayıdarkən hava limanında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Çelyabinskə aparılıb.

E.İsmayılov qanunsuz şəkildə həbs edildiyini bildirmişdi. Hüquqi müstəvidə apardığı mübarizədən sonra 2011-ci ildə Rusiyaya buraxılmamaq şərtiylə azadlığa çıxmışdı.

42 yaşında evlənən E.İsmaylov ailə həyatı qurduqdan sonra S.Nuriyeva ilə birlikdə Türkiyəyə köçərək orada yaşayıb. Onların 2014- cü ildə İlyas (Etimad İsmayılovun atası İlyas İsmayılovun adını daşıyır) adlı oğlanları dünyaya gəlib.

Nuriyeva ailəsi haqda danışmağı, şəkil paylaşmağı sevmirdi. Amma bu ilin iyun 22-də  həyat yoldaşını ad günü münasibətilə təbrik edərək ona olan hisslərini sosial şəbəkədə bölüşmüşdü.

 ► “Allah səni hər iki dünyada bəxtiyar etsin”

O, E.İsmayılovu mərd və gözəl qəlbli insan adlandırıb: “ Bir az çətin biridir. Amma bir o qədər də qəlbi yumşaq və sevgi dolu. Sonsuza qədər inanılacaq dost, yol yoldaşı və ərdir. O sosial şəbəkədən istifadə etmir. Bu şəbəkələrə də əsəbiləşir.

Şəkil çəkdirməyi də xoşlamır. Hansısa önəmli adamlarla şəkil çəkdirib və onu  paylaşıb hava atanları da qeyri-səmimi adlandırır. Belə bir adamdır.

Mübarizəsi olan, mübarizənin nə demək olduğunu anlayan adamdır. Ad günün mübarək. Allah səni hər iki dünyada bəxtiyar etsin”.