Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin bu gün keçirilən təntənəli iclası başa çatıb

Modern.az-ın parlamentdən verdiyi məlumata görə, təntənəli iclasda Prezident İlham Əliyev iştirak edib və nitq söyləyib.

Ümumilikdə tədbirə 150 ölkənin parlamentinin nümayəndə heyəti qatılıb.

Tədbirdə Bosniya və Herseqovina, Bolqarıstan, Pakistan, Oman, Türkiyə, Bəhreyn, Küveyt, Qırğızıstan, Cibuti, Səudiyyə Ərəbistanı,  Sudan,  parlament sədrləri səviyyəsində təmsil olunub.

Bundan əlavə, təntənəli iclasda Çexiya, Qazaxıstan, Polşa, Vyetnam, Rusiya, İran, Tacikistan, Macarıstan, Monteneqro, Serbiya parlament sədrlərinin müavinləri də iştirak edib.

Təntənəli iclasda həmçinin NATO Parlament Assambleyasının, ATƏT Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA), Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA), Avropa Şurası Parlament Assambleyasının, Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA), Avropa Parlamentinin, GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) Parlament Assambleyasının, AVRONEST Parlament Assambleyasının nümayəndələri də iştirak edib.