Emil Salamoğlu / AzEuroNews.com /Bakı  ►  “Mən İranda olan terror və regionda baş verənlərlə bağlı Azərbaycan üçün hər hansı risk görmürəm”. Bunu AzEuroNews.com-a deputat Asim Mollazadə İranın Əhvaz bölgəsində keçirilən paradda baş verən teraktdan sonra Tehran-Vaşinqton münasibətlərinin daha da gərginləşməsindən danışarkən bildirib.

Onun sözlərinə görə, regionda kataklizm bitməyib, getdikcə artır və bu müharibənin sonunu görmür: “Çox təəssüf ki, dövlətlərin münaqişələri böyüyür, minlərlə günahız insan ölür, qaçqın olur. Açıq şəkildə müharibə gedir və bu faciələrin axırını görmürəm”.

Asim Mollazadə
Asim Mollazadə

Millət vəkilinin fikrincə, Suriya böhranı bitməyib və coğrafiyası genişlənməkdədir. A.Mollazadə ABŞ-İran əlaqələrinin mürəkkəbləşməsinə görə Azərbaycanın dilemma qarşısında qalmadığını düşünür:

“Azərbaycan özü Ermənistanın təcavüzünə məruz qalmış ölkədir və dövlətlərin münaqişələrinə qarışmır. Azərbaycan bu ölkələrlə münasibətləri əvvəlki qaydada davam edəcək və risklər görmürəm”.

İranın xarici işlər naziri Cavad Zərif “Tvitter” hesabında yazıb ki, bu hücuma görə regional ölkələr və onların ustası ABŞ cavabdehlik daşıyır və İran buna qəti reaksiya verəcək.

İranın ali dini lideri ayətulla Əli Xamenei iddia edir ki, Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror aktının arxasında ABŞ rəhbərliyi altında fəaliyyət göstərən dövlət durur.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli İranın şənbə günü hərbi parad zamanı törədilmiş hücuma görə Birləşmiş Ştatlar və onun Körfəz bölgəsindəki müttəfiqləri ilə əlaqədar ittihamlarını rədd edib və Tehranın ölkənin özünə baxmalı olduğunu deyib.