Fərhad Çağtürk / AzEuroNews.com / Bakı   Venesiyada yerdə oturan turistlər 500 avro məbləğində cərimə olunacaqlar. AzEuroNews.com xəbər verir ki, qadağanın gələcək aydan tətbiq olunacağı gözlənilir. Qəribə qərarın müəllifi isə, Venesiyanın bələdiyyə sədri Luiqi Bruqnarodur.

Hər zaman qəribə qərarları ilə medianın gündəmində olan bələdiyyə sədri bu ilin yanvar ayında da şəhərə gündə yalnız 100 min turistin girə biləcəyi ilə bağlı qadağa qoymuşdu.

Qəribə qərarla bağlı mətbuata danışan L.Bruqnaro bilirib ki, turistlər şəhərdə tətbiq olunan qaydalara əməl etmirlər.

“Onlar  tarixi abidələrin pilləkənlərində oturub yemək yeyir, gədiş-gəlişə mane olur, ətrafı çirkəndirirlər. Yeni qərarla şəhərin müəyyən olunmuş yerlərində yerdə oturmağa görə, 50-500 avro arası cərimə tətbiq olunacaq” deyə bələdiyyə sədri açıqama verib.

İtaliya mətbuatının yazdığına görə isə, bu hədsiz turist axının qarşısını almaq üçün görülən tədbirlərdən sadəcə biridir. Çünki, Venesiyanı hər il 30 milyondan çox turist ziyarət edir.

Turistlərin qaydalara riayət etməmələri şəhər bələdiyyəsinin 2017-ci ildə “Venesiyaya hörmət et və zövq al” kampaniyasının başladılmasına səbəb olmuşdu.

Xatırladaq ki, Venesiya bu qəribə qərarları verən ilk İtaliya şəhəri deyil. Ötən günlərdə Florensiyada küçədə “fast-food” yemək qadağan edilmiş, buna görə 500 avro cərimə müəyyən edilmişdi.