Emil Salamoğlu / AzEuroNews.com /Bakı   Mövzumuz İrandır. Müsahibimiz beynəlxalq münasibətlər üzrə mütəxəssis, ərəbşünas politoloq Nəzakət Məmmədovadır.

N.Məmmədova AzEuroNews.com-a İranı viran qoymaq istəyən qüvvələrdən, regiondakı vəziyyətdən, Əhvazdakı terrordan və proseslərin gedişatından danışıb. Müsahibəni təqdim edirik:

 Nəzakət xanım, Əhvazdakı terroru İŞİD və “Əhvaz Milli Müqavimət Hərəkatı”nın üzərinə götürməsi ilə bu regionda yeni Suriya böhranı başlandığını söyləyə bilərikmi?

– Regionda böhran çoxdan başlayıb. Sadəcə, indi bu regional xaosa İranın da qatılmasından söhbət gedə bilər. Düşünürəm ki, İrana düşmən qüvvələr terrordan daha çox sanksiyalar vasitəsilə İran əhalisinin vəziyyətini pisləşdirib onları hökumətə qarşı ayağa qaldıra bilərlər.

Görünür, iqtisadi sanksiyalarla yanaşı terror aktları ilə siyasi sabitlik və asayiş pozulması yolu ilə əhalinin narazılığı yaradılması, beləliklə rejimin çökməsi planlaşdırılır.


“İran Suriyaya çevrilə bilər, lakin…”


Trampın şəxsi vəkili Culiani bir müddət öncə etiraf edib ki, İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar əhalinin narazılığını artırmalı və İranda rejim dəyişikliyinə gətirib çıxarmalıdır. Halbuki, Ağ Ev bunu açıq şəkildə bəyan etmir. İran, Suriya və Şimali Koreyanı ABŞ vaxtilə “şər üçbucağı” adlandırırdı.

Bu üçbucağın iki bucağından biri ilə ABŞ razılığa gəlib, digərində isə bir neçə illik müharibə hələ ki, başa çatıb. İran Suriyaya çevrilə bilər, lakin onun nəticəsi bütün tərəflər üçün ağır ola bilər.

ABŞ Yaxın Şərqdə planlarını həyata keçirmək üçün 7 trilyon dollar xərcləyib, lakin istədiyinə nail ola bilməyib. İrana qarşı birbaşa quru əməliyyatına heç bir dövlət hələ ki, risk etmir. Terror aktı vasitəsilə xaos yaradıla bilər.

Bu terror qarşısıalınmaz xaosun başlanğıcı da ola bilər, İrana xəbərdarlıq da. Terror aktı hərbi paradda baş verdi. Parad ilk növbədə bir dövlətin qüdrətinin nümayişi, düşmənlərə verilmiş mesajdır. Terror aktı isə bu qüdrətin göstərildiyi kimi olmamasını sübut etmək üçün edilmiş əks həmlə ola bilər.

– Teraktın BMT-də gözlənilən Trampla Ruhani görüşü ərəfəsinə təsadüf etməsi bu görüşün pozulmasına hesablanmış ola bilərmi?

 BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçiriləcək bu ilki ənənəvi iclasına şəxsən ABŞ prezidenti Tramp özü sədrlik edəcək. İclasın mövzusu da olduqca diqqətəlayiqdir və İranla birbaşa bağlıdır.

Kütləvi qırğın silahları və İran mövzusunda baş tutan iclasda ABŞ-dan başqa Daimi üzvlərdən digər dördünün də iştirakı gözlənilir. Onların İran məsələsindəki mövqeyi isə ABŞ-dan fərqlənir.

Məsələn, İngiltərənin baş naziri Tereza Mey bildirib ki, İran nüvə sazişinə vicdanla əməl edib. Daimi üzvlərin hamısı sanksiyalara qarşı çıxır.

ABŞ bu dövlətlərlə İrana qarşı birləşməyin çətin olduğunu, onların narazılıq edəcəyini bilir. Terror aktının səbəbi İrana və onun tərəfdarlarına BMT iclasından əvvəl mesaj göndərmək ola bilər.

Habelə, eyni zamanda, Trampın Ruhani ilə də görüşü ola bilərdi. Lakin xaricdə olduğu kimi, İran daxilində bəzi mühafizəkar qüvvələr ABŞ-İran yaxınlaşmasına qarşıdır. Terroru bu qüvvələrin törətməsi ehtimal olunur.

–   İran ali dini lideri Xamanei, xarici işlər naziri Cavad Zərif açıq şəkildə deyiblər ki, terrora görə birbaşa ABŞ cavabdehlik daşıyır. Bu sözlərdən sonra proseslərin hansı məcrada inkişaf edəcəyini proqnozlaşdırırsınız?

 İran rəsmiləri, hətta Ruhani də artıq ABŞ-ı, İsraili, Birləşmiş Ərəb Əmirliklərini, Səudiyyə Ərəbistanını ittiham edib. Təbii ki, bu dövlətlər məsuliyyəti öz üzərlərinə götürməyiblər.

Hadisədə İŞİD və sonra Əl-Əhvaz terror təşkilatları şübhəli bilindi ki, bu da cinayətin izini bölgədəki ərəb separatçılarına aparıb çıxarır.

İsrail mətbuatı iddia edir ki, hadisə İranın milli azlıqlara, o cümlədən Əhvazda yaşayan ərəblərə pis münasibəti ucbatından edilmiş etirazdır.

Bunun sübutlarından biri də odur ki, bir çox ərəb ölkələrinin mediası hadisəni işıqlandıranda terror sözü işlətməkdən imtina edib.

İsrail və ərəb mediası hadisəni belə təhlil edir ki, İranda əhalinin 40 faizini təşkil edən milli azlıqların, xüsusən ərəblərin hüquqları pozulur. Hücumun baş verdiyi Xuzistan əyaləti də ərəblərin məskunlaşdığı yerdir.

Nəzakət Məmmədova
Nəzakət Məmmədova

İran hakimiyyəti də bu əyalətə ərəb ölkələrinin – Səudiyyə, Ərəb Əmirlikləri, Səddam Hüseyn dövründə İraqın 5-ci kalonu kimi baxıb. Nəticədə burada 2009-cu ildə əyalətin azadlıq hərəkatı yaranıb və İran-İraq müharibəsində qələbənin ildönümünə həsr olunmuş parad da bu hərəkatın silahlı qruplaşmasının narazılığına səbəb olub.


“İran İslam Keşikçiləri Korpusunun qüdrətinə xələl gəldi”


– Səudiyyənin şahzadəsi Məhəmməd ibn Salman müsahibəsində Səudiyyə Ərəbistanının “İran daxilində” mübarizə aparacağını açıqlayıb. Bu mesaj İŞİD-in İran daxilində fəallaşacağı anlamına gəlirmi?

–  İran tərəfi iddia edir ki, Səudiyyə Ərəbistanın nəzarətində İŞİD-dən başqa dediyimiz kimi Əl-Əhvaz qruplaşması var. Xuzistandakı teraktı da məhz onlar törədib.

Onlar parad zamanı İran İslam Keşikçiləri Briqadasının üzvlərindən bir neçəsini də öldürüblər. Bununla da bu qüdrətli təşkilatın nüfuzuna ciddi xələl vurublar.

İran İslam Keşikçiləri Korpusu, xüsusən onun Qüds briqadası Yaxın Şərqdə son dərəcə fəal hərbi, kəşfiyyat əməliyyatları həyata keçirir. Onlar İraq, Suriya, Yəməndə İranın siyasi-hərbi maraqlarını həyata keçirir.

İran Səudiyyə Ərəbistanındakı şiə azlıqdan istifadə etməkdə, Səudiyyə Ərəbistanı da İrandakı sünni ərəb azlıqlardan yararlanmaqda bir-birini ittiham edirlər. Səudiyyə vəliəhdinin də fikirləri bununla bağlı ola bilər.

– Qulağımızın dibindəki İranda bu terrorun baş verməsi, Vaşinqton və Riyadın Tehranla əlaqələrinin ağır fazaya daxil olması, Azərbaycan üçün hansı risklər yaradır?

 Azərbaycanın bütün bu qarşıduran dövlətlərlə çox yaxşı münasibətləri var. Odur ki, bu, çox ağır seçim olardı. Təbii ki, cənub sərhədlərimizdə, milyonlarla Azərbaycan türkünün yaşadığı İranda münaqişənin gərginləşməsi böyük problemlər yarada bilər.

İstənilən ölkənin nəinki bilavasitə hüdudlarında, hətta yerləşdiyi bölgədə sabitliyin pozulması, müharibə başlanması onun milli maraqlarına ziddir. Azərbaycanın hərbi doktrinasında, milli təhlükəsizlik konsepsiyasında da bunlar qeyd olunub. Odur ki, İranda başlanan münaqişə bizə böyük problemlər yarada bilər.


“Azərbaycan heç zaman öz torpağından İrana qarşı istifadəyə imkan verməyib”


– İrana qarşı hücumlar başlanarsa, təbii olaraq prosesə İsrail də qoşulacağı halda Bakı dilemma qarşısında qalırmı və Azərbaycan qonşumuzun vurulması üçün aerodroma çevrilə bilərmi?

  Azərbaycan bu münaqişəyə qoşulmayacaq. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, ölkəmiz heç zaman İrana qarşı poliqona çevrilə bilməz, Azərbaycan ərazisindən heç bir üçüncü dövlət başqa dövlətə qarşı ərazi qismində yararlana bilməz.

Azərbaycanın heç bir dövlət qarşısında belə bir öhdəliyi yoxdur, hər hansı bir dövlətlə açıq, yaxud məxfi sazişinin olması inandırıcı deyil.

Hər halda bu hadisə İranla bağlı ilk belə gərginlik deyil və Azərbaycan heç zaman öz torpağından İrana qarşı istifadəyə imkan verməyib və biz bunun şahidi olmamışıq.