Fərhad Çağtürk / AzEuroNews.com / Köln ► Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyanın Köln şəhərinə səfəri zamanı rəsmi açlışını edəcəyi məsciddə hazırlıqlara başlanılıb.

AzEuroNews.com xəbər verir ki, Diyanət İşləri Türk İslam Birliyinə (DİTİB) aid “Köln mərkəz camesi”nin rəsmi açlışı sentyabrın 29-u saat 14:00-da baş tutacaq.

Açlış mərasimində Avropada yaşayan türklər iştirak edəcək. Məscid rəhbərliyi açılış mərasiminə qatılımın yüksək olacağını nəzərə alaraq indidən hazırlıq işlərinə başlayıb.

DİTİB hazırlıq işləri ilə bağlı açıqlamasında vurğulayıb ki, “Köln mərkəz camesi” Avropanın ən böyük məscidlərindən biridir: “Bu həm də burada yaşayan müsəlmanların evidir. Məscidimiz sülh, qardaşlıq və birlikdə yaşamağı simvolizə edir”.

2008-ci ildə təməli qoyulan “Köln mərkəz camesi”nin açlışı 2017-ci ildə olub. Məsciddə 1250 nəfər eyni anda ibadət edə bilir. 6 hektar ərazidə inşa edilən məscid ticarət mərkəzi, sərgi və 600 nəfərlik konfrans salonları, qadın və kişilər üçün ayrıca yerlər, kitabxana və iş salonlarından ibarətdir.