Fərhad Çağtürk / AzEuroNews.com / Köln ►  Dünyada ilk sürücüsüz tramvay Almaniyada nümayiş etdirilib. AzEuroNews.com xəbər verir ki, “Combino” adlı sürücüsüz tramvay “Siemens” şirkəti tərəfindən “İnnoTrans-2018” dəmir yolu nəqliyyatı və innovasiyaları sərgisində təqdim olunub.

Sürücüsüz tramvay Şərqi Almaniyada yerləşən Potsdam şəhərinin küçələrində sınaqdan keçirilib.

Sınaqlar vaxtı sürücüsüz tramvay depodan çıxaraq 6 km-lik marşrut üzrə dövrə vurub. Sözügedən nəqliyyat vasitəsi oriyentasiya təyin etmək üçün lidar, radar, yüksək təsvir ölçüsünə malik kamera və şəhər nəqliyyat sisteminin məlumatlarından istifadə edib.

Çətin vəziyyətlər və onlara reaksiyaların tanınması alqoritmlərinin işlənib hazırlanması Karlsruye Universitetinin alimlərinə tapşırılıb. Layihə o qədər uğurla inkişaf etdirilir ki, sərgidə yaxın vaxtlarda sürücüsüz tramvayın kommersiya versiyasının təqdim ediləcəyi ideyası səsləndirilib.