Emil Salamoğlu /AzEuroNews.com/ Bakı ►►► 

Rusiyanın lideri Vladimir Putin Bakıya gəlir. Niyə gəlir, səfərin fəlsəfəsi nədir, hansı yarımçıq məsələlər müzakirə olunacaq, Qarabağ danışıqlarına impuls olacaqmı?

Bu suallara “Tolerantlıq” Sosial Araşdırmalar Birliyi rəhbəri, siyasi şərhçi Azər Rəşidoğlu ilə cavab tapmağa çalışmışıq. Onun AzEuroNews.com saytına müsahibəsini təqdim edirik:

 – Azər bəy, Rusiya prezidenti Vladimir Putinin azərbaycanlı həmkarı ilə Soçi görüşündən qısa zaman sonra Bakıya gəlişi nə ilə bağlı ola bilər?  

 –  Putinin Bakı səfəri zamanı daha çox iqtisadi və hərbi əməkdaşlıq, Qarabağ münaqişəsində tərəflərin rolu, tranzit məsələləri, təhlükəsizlik və iqtisadi əməkdaşlığın genişləndirilməsi, terrora qarşı mübarizə və təhlükəsizlik məsələləri və Suriya böhranı müzakirə edilə bilər.

Ümumiyyətlə, Azərbaycan regionda Rusiyanın iqtisadi, siyasi və hərbi məsələlər üzrə əsas müttəfiqinə çevrilib. İki ölkənin biznesi müxtəlif sahələrdə sıx əməkdaşlıq edir, ölkələr logistika layihələrini fəal şəkildə inkişaf etdirir.

 – Yəni, səfərin daha çox iqtisadi və hərbi əməkdaşlıq xarakteri daşıdığını hesab edirsiniz?

 – Əslində, xarici KİV-in yazdığına görə, Putin Soçi görüşündə Əliyevə önəmli təklif edib. Bundan sonra Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatı kimi qurumlara mümkün üzvlüyü barədə ölkədə müzakirələr başlayıb.

Bəzi araşdırmaçılar Qarabağ məsələsində Rusiya ilə Azərbaycan arasında mövqelərin yaxınlaşmasını istisna etmirlər. Çünki Bakı Qarabağ münaqişəsini həll etməkdə israrlıdır.

2016-cı ilin aprel döyüşlərindən sonra Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini artıracağına söz vermişdi. Lakin münaqişənin mərhələli və paket həll variantlarının sintezi kimi gündəmə gələn yeni həll variantı reallaşmadı.

Ermənilər Dağlıq Qarabağa Azərbaycandan kənarda status verilməsini istəyir. Azərbaycan isə razılaşmır, aralıq statusun ölkənin konstitusiyasına və ərazi bütövlüyünə uyğun müəyyən edilməsini tələb edir.

Ona görə Putinin regiona bu dəfəki səfərinin Qarabağ danışıqlarında nəyisə dəyişəcəyinə ümid azdır. Rusiya mətbuatı da xəbər yayıb ki, bu səfər zamanı 6 ikitərəfli saziş və bir neçə enerji və nəqliyyat müqavilələri imzalanmalıdır.

Azər Rəşidoğlu
Azər Rəşidoğlu

 – Fikirlərinizdən belə başa düşürəm ki,  xüsusi dəyişiklik gözlənilmir…

– Rusiya-Azərbaycan münasibətlərinin başqa bir aspekti energetikadır. Bu mənada ölkələr tərəfdaş kimi görünsələr də, daha çox rəqibdirlər. Çox güman ki, Azərbaycan üçün son illərin ən iddialı energetika layihəsi “Cənub qaz dəhlizi”dir.

Onun ümumi dəyəri 45 milyard dollardır. Planlaşdırılır ki, bu boru kəməri Rusiyaya daxil olmadan qazı Gürcüstan və Türkiyə vasitəsilə 2020-ci ildən Avropaya apara biləcək.

Bu isə öz növbəsində Transadriatik qaz kəmərinə (TQK) birləşəcək və Avropanın Rusiya qazından asılılığını azaldacaq. Bir sözlə, Putinin regiona səfəri əslində böyük dəyişikliklərə səbəb ola bilməz. Bölgə bir ölkədən asılı vəziyyətdə qalmaq istəmir”.