Zeynal Əmirəliyev
Zeynal Əmirəliyev

Emil Salamoğlu/AzEuroNews.com/Bakı ► ► ► Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti, politoloq Zeynal Əmirəliyev AzEuroNews.com-a müsahibəsində Putinin səfəri, Qarabağ danışıqlarında 5 rayonun qaytarılması və Paşinyanın münaqişənin həllinə  münasibətindən danışıb. Müsahibəni təqdim edirik:

 – Zeynal bəy, Putinin Bakıya gəlişi gözlənilir. Bu səfərdə hansı məsələlərin müzakirəsi nəzərdə tutula bilər?

 – Bu səfərdə əsasən Rusiya və Azərbaycan arasında iqtisadi və sosial məsələlərin ələ alınacağını gözləyirəm. Çünki Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin güclənməsi son zamanların ən çox müzakirə olunan məsələsidir.

Əsas da Şimali Qafqaz regionu ilə Azərbaycanın iqtisadi münasibətlərinin müzakirəsi gözlənilir. Təbii ki, bununla bərabər Qarabağ məsələsi də müzakirə olunacaq.

 – Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyündən çox danışılır və Qarabağın həllində bu üzvlük rol oynaya bilərmi, ümumiyyətlə, Bakı buna gedərmi?

 –  Bəli son zamanlar bu mövzudan çox danışılır. Düşünmürəm ki, bu təşkilata üzvlük bizə Qarabağ danışıqlarında hansısa üstünlük gətirsin. Bu təşkilat hər nə qədər “Şərqin NATO-su” adlandırılsa da, etiraf edək ki, bir o qədər də aktiv təşkilat təsiri bağışlamayıb.

Bakının təşkilata üzv olub-olmayacağını isə təbii ki zaman göstərəcək. Ancaq cəmiyyət buna tam hazır olmalıdır. Çünki son müzakirələrdə də gördük ki, cəmiyyətin əksəriyyətinin bu məsələ ilə bağlı fikri birmənalı deyil.

 – Qarabağ münaqişəsinin həlli ilə bağlı 5 rayonun qaytarılacağı barədə rus ekspertlər və başqalarının rəylərinə tez-tez səslənir. Rusiyanın doğurdan da buna hazırlaşdığını, Putinin hər səfərinin buna yaxınlaşdığını ehtimal etmək olarmı?

 – Bu mövzu nədənsə hər dəfə istənilən Rusiya dövlət başçısının, həm Putinin, həm də Medvedevin Bakı səfəri zamanı səsləndirilirdi.

Maraqlı olan isə bu məlumatların rusiyalı ekspertlər tərəfindən səsləndirilməsidir. Sizin də bildiyiniz kimi, bu, regiona Rusiya dövlət başçısının ilk səfəri deyil.

Bundan əvvəl də Putin bir neçə dəfə Bakıya gəlib. 5 rayonun qaytarılması üçün xüsusi bir plan olmalıdır. Mən bildiyim qədəri ilə Putinin səfər proqramında belə bir təklif yoxdur. Xüsusi bir təkliflə gəlmir. Buna görə də buna inanmıram.

 – Bəs Paşinyan iqtidarı Qarabağ münaqişəsinin həllinə münasibətdə Sərkisyandan nə ilə seçilir?

  Düzü, mən hələ ki, Paşinyanın Qarabağla bağlı hazırda hansısa bir addım atdığının şahidi olmamışam. Yalnız sərsəm, boş-boş bəyanatlar səsləndirir. Bilirsiniz, Paşinyanın hazırda Ermənistandakı hakimiyyətinin altı boşdur. Parlamentdə çoxluq müxalifətin əlindədir.

Ona görə də onun yeganə dərdi hakimiyyətini möhkəmlətməkdir və bütün kartları da buna oynayır. İrəvandakı yeni hakimiyyət dediyim kimi Qarabağla bağlı konkret bir addım atmayıb. Buna görə bu mövzuda şərhlər, müzakirələr bir qədər tezdir.