O Azərbaycanın ən gənc deputatı olub, indi isə nazir statusundadır… – Fuad Muradov kimdir?
AZXEBER.COM Azər Niftiyevin təqdimatında “Məmur portreti” rubrikasını davam etdirir.
Hər həftənin cümə axşamı yayımlanacaq rubrikada oxucular ölkənin idarə olunmasında yaxından iştirak edən, müxtəlif dövlət qurumlarına rəhbərlik edən məmurların fəaliyyəti və həyat yolundan xəbər tutacaqlar.
Rubrikanın növbəti qonağı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovdur.

Fuad Muradov kimdir?
Azərbaycan ictimaiyyətinin hələ gənc yaşlarından yaxşı tanıdığı və ölkə parlamentinin indiyə qədər gəlib-gedən ən gənc deputatı olan Fuad Muradov “Xərçəng” bürcünün tipik nümayəndəsidir. Astroloqlar iddia edir ki, “xərçəng”lər yalnız etibarlı adamları ətrafında saxlayır və bu səbəbdən ilk növbədə onların etimadını qazanmaq lazımdır.
“Peyğəmbərlik yaşı”nın astanasında olan Fuad Muradov 22 iyul 1979-cu ildə Bakı şəhərində anadan olub.

Hər şey ondan başladı ki…
Fuad Muradov orta təhsilini paytaxdakı 6 saylı orta məktəbdə alıb. Burada haşiyəyə çıxaraq bildirək ki, Səbail rayonu ərazisində yerləşən bu məktəb Bakının ən aparıcı məktəblərindən biridir və kifayət qədər məşhur yetirmələri olub. Prezident İlham Əliyev də bu məktəbin məzunudur. 1996-cı illərdə bu məktəbi bitirən Fuad Muradov elə həmin il Azərbaycan Dövlət Neft Akademiyasına daxil olur.
Ciddi iddiaları olan gələcək məmur anlayırdı ki, peşəkar təhsil almadan hər hansı inkişafa nail olmaq, uğur qazanmaq mümkün deyil. Bu səbəbdən təhsilini artırmaq qərarına gəlir və Azərbaycan Dövlət Neft Akademiyasının ardınca daha üç universitetdə təhsilini davam etdirir.
Fransanın Nitsa Universiteti, Parisin Neft və mühərriklər institutu, İtaliyanın Genuya Universiteti ilə birgə “Ətraf mühit və neft sənayesi” ixtisası üzrə birgə magistratura proqramını bitirir.
Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun aspirantı və elmi işçisi olur. 2010-cu ildə dissertasiya müdafiə edərək, kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alır. 10 elmi əsərin və monoqrafiyanın müəllifidir. Azərbaycanın ən gənc deputatı cəmi 3 il keçmir ki… Fuad Muradovun ictimai-siyasi həyatda populyarlıq dövrü onun gənclər sektoruna qədəm qoymasından sonrakı dövrə təsadüf edir.
2002-2004-cü illərdə Avropa Gənclər Forumunun Maliyyə-nəzarət komissiyasının sədri seçilən F.Muradov 2 il sonra Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi, ardınca isə sədri seçilir. Ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarını öz sıralarında birləşdirən Gənclər Təşkilatları Milli Şurasına 8 il rəhbərlik edən Fuad Muradov bu müddətdə gənclərlə bağlı dövlət layihələrinin hazırlanmasında, gənclər təşkilatlarının kordinasiyalı şəkildə fəaliyyətinin qurulmasında yaxından iştirak edir.

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının layihəsini hazırlayan işçi qrupunun üzvü olur.
Xatırladaq ki, Fuad Muradov müstəqil Azərbaycan Parlamenti tarixində ən gənc deputat olub. 2005-ci ildə 26 yaşında mandat qazanan gələcək komitə sədri 10 il 29 saylı Səbail seçki dairəsini, 2015-2018-ci illərdə isə 34 saylı Xətai ikinci seçki dairəsini təmsil edir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü, Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, “Avronest” Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədri olur. Son təyinata qədər isə Milli Məclisin Gənclər və idman komitəsinə rəhbərlik edir.

O hər yerdədir, hamının ayağına özü gedir…

Prezident İlham Əliyevin bu ilin aprel ayında imzaladığı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” sərəncamı Fuad Muradovun fəaliyyətində ciddi dönüş nöqtəsi olur. Dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilən Fuad Muradov qısa müddətdir bu vəzifədə çalışsa da, lobbiçilik fəaliyyətinə yeniliklər gətirməyi bacarıb. Vaxtaşırı olaraq dünyanın müxtəlif dövlətlərində yaşayan diaspor təşkilatlarını şəxsən ziyarət edən gənc məmur onlarla geniş müzakirələr aparır, xaricdə yaşayan soydaşlarımızla görüşərək, onları diaspora fəaliyyətində yaxından iştiraka təşviq edir, inkişaf perspektivləri ilə bağlı təkliflərini verir, “yol xəritəsi”nin hazırlanmasında şəxsən iştirak edərək, diaspora təşkilatlarına dövlət dəstəyini təmin edir.

Xatırladaq ki, təxmini sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımız 556 diaspor təşkilatında cəmləşib. Dünya coğrafiyasını əhatə edən yüzlərlə təşkilatla işləmək və onların fəaliyyətini kordinasiya etmək asan məsələ deyil və qısa müddətə Fuad Muradovun komitə sədri olaraq gördüyü işlər bu mənada müsbət qiymətləndirilə bilər. Onun rəhbərliyi altında qurumun son dövrlər həyata keçirdiyi layihələr, xaricdə yaşayan həmvətənlərimizin problemlərinin həlli məqsədilə başladılan görüşlər və ilk görüşün qardaş Türkiyədə keçirilməsi, şəxsən Fuad Muradovun özünün xaricə çoxsaylı səfərləri, lobbi təşkilatlarına dəstək məqsədilə həyata keçirilən çoxsaylı layihələr bunun bariz nümunəsidir.
Bütün hallarda günü-gündən qüdrətini artıran Azərbaycanın beynəlxalq müstəvidə tanıdılması və güclənməsi harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının borcudur. Ölkəmizin dünya müstəvisində daha çox tanıdılması və mövqeyinin güclənməsi, təsir imkanlarının artırırlması məqsədilə yaradılan qurumun fəaliyyəti nə qədər müsbət olarsa, bir o qədər yaşıxıdır və bundan yalnız bizlər qazanmış oluruq.