Fərhad Çağtürk / AzEuroNews.com / Köln ► Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın üç günlük Almaniya səfəri başlayıb. AzEuroNews.com xəbər verir ki, qardaş ölkənin prezidenti Birləşmiş Millətlər Təşkilatının Baş Mәclisinin 73-cü sessiyasında görüşlərini tamamladıqdan sonra Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərindən birbaşa Berlinə uçub.

Səfər zamanı Türkiyə Prezidentini xəzinə və maliyyə naziri Berat Albayrak, sənaye və texnologiya naziri Mustafa Varanak, milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Ruhsar Pekcan, səhiyyə naziri Fahrettin Koca, prezidentin sözçüsü İbrahim Kalın, Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidan müşaiyət edir.

Almaniyada yaşayan türklər Ərdoğan və xanımını hava limanında qarşılayıblar. Əllərində Türkiyə bayrağı olan yüzlərlə türk Ərdoğan lehinə şüarları səsləndiriblər.

Məlumat üçün bildirək ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmeyrin dəvəti ilə Berlinə gələn Ərdoğan sabah baş nazir Angela Merkellə görüşüb birgə mətbuat konfransı keçirəcək.

Ərdoğan axşam saatlarında almaniyalı həmkarının onun şərfinə təşkil etdiyi axşam yeməyində iştirak edəcək.

Türkiyə Prezidenti səhəri gün, sentyabrın 29-da Köln şəhərinə gələcək və burada “Köln mərkəz camesi”nin rəsmi açlışını edəcək.

Ərdoğanın Köln səfərinin izdihamlı olacağı gözlənilir. Artıq neçə gündür sosial şəbəkələrdə Avropada yaşayan türklərin bu görüşdə hamılıqla iştirak etməsi üçün çağrışlar edilir.

Foto  ©  Anadolu Agentliyi