“Qaz İxrac” İdarəsinin balansında olan diametri 720 mm-lik “Qaradağ-Digah” magistral qaz kəmərinin 20-ci km-də aşkar edilmiş qaz sızmasının ləğvi və yeni tikilmiş ölçü qovşağının qaz təchizatı mənbəyinə birləşdirilməsi və istismara verilməsi ilə əlaqədar, bu gün saat 10:00-dan etibarən təmir işləri başa çatanadək Nəsimi rayonu Tibilisi prospekti, 1 və 2-ci Alatava, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, Nizami, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə və Xutor qəsəbələrinin bir hissəsində, həmçinin saat 09:00-dan etibarən isə Gəncə şəhərinə təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, görülən təmir işlərinin Nərimanov və Yasamal rayonlarının, eləcə də Yeni Yasamal yaşayış massivi, Şərifzadə, Vasif Əliyev və Xıdır Mustafayev küçələrinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Aparılan zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.