Tural Abbaslı
Tural Abbaslı

Emil Salamoğlu/AzEuroNews.com/Bakı ► ► ► Qarabağ Komitəsinin üzvlərindən olan AĞ partiya lideri Tural Abbaslı ilə sentyabrın 29-da keçiriləcək mitinqlə bağlı söhbətləşmişik.

Partiya başqanı AzEuroNews.com saytına müsahibəsində “Qarabağa dəstək” mitinqinin keçirilməsinin zərurəti, səslənən tənqidlər və qoşulmayan qüvvələr barəsində danışıb.

– Tural bəy, ilin-günün bu vaxtından Qarabağa dəstək mitinqinin keçirilməsi təşəbbüsü kimdən və hansı zərurətdən irəli gəldi?

– Mən hesab eləmirəm ki, Qarabağa dəstək mitinqinin mövsümü, saatı və ya xüsusi zamanı var. Bu münaqişə həll olunmayıbsa, deməli hər zaman dəstək mitinqi zəruridir.

İkincisi, Azərbaycanın torpaqları 25 ildir işğaldadır, hökumətin və beynəlxalq təşkilatların ciddi nəticələri yoxdur. O halda hər bir siyasi quruluşun haqqıdır ki, həm hökumətdən, həm beynəlxalq aləmdən real işlər görməsini tələb eləsin.

Təşəbbüsə gəlincə, Qarabağ Azadlıq Təşkilatı mitinq üçün müraciət eləmişdi, razılıq verilməmişdi. Biz də bu prosesə dəstək verirdik və birgə müzakirələr zamanı vahid şəkildə mitinq keçirilməsini razılaşdırdıq.


“Əgər süstlüyün olmayacağı vaxtı bilən varsa, gözləyək, onda Qarabağ mitinqi keçirərik”


–  Bəzi tənqidlər səslənir ki, cəmiyyətin süst dövründə mitinqə zərurət yox idi, sayca adam az iştirak edə bilər və bu da Paşinyan hökumətinin əlinə arqument verəcək ki, azərbaycanlılar Qarabağı tələb etmirlər. Üstəgəl diplomatik siyasətimizə zərər vura bilər…Bu fikirləri bölüşürsünüzmü?

  Təəssüf edirəm ki, belə qeyriobyektiv tənqidlər eşidirik. Bəzi qurumların fəaliyyəti real iş görmək yox, başqalarının gördüyü işlərdə qüsur axtarmaqdır. Ölkədə siyasi süstlüyün olmasının Qarabağın işğalı ilə əlaqəsi yoxdur.

Bu, ümummilli məsələdir, iqtidarın və müxalifətin problemi deyil, xalqın dərdidir. Əgər süstlüyün olmayacağı vaxtı bilən varsa, bizi agah etsinlər, gözləyək, onda mitinq keçirərik. Dediyim kimi, Qarabağ mitinqinin günü, ayı olmur.

Digər tərəfdən, hansı siyasi təşkilat aktiv vaxtında Qarabağ mitinqi keçirir? Hər partiya siyasi konyukturaya uyğun aksiyalar təşkil edir. Qarabağa dəstək mitinqi isə müxalifətin mitinqi deyil, heç bir siyasi şüar olmayacaq.

Əslində, hökumət bu aksiyanın təşkilində maraqlı olmalıdr, kütləviliyinin təmin olunmasında dəstək verməli, maneə yaratmamalıdır, xalqı təşviq etməlidir.


“Qarabağa görə YAP-la da birgə siyasi addım atmağa hazırıq”


 

–   Amma bu mitinqdə Milli Şura iştirak etməyəcək. Bunu nə ilə izah etmək olar: təşəbbüskarlarla birgə görünmək istəmirlər, köhnəyə söykənən münasibətlərin soyuqluğuna görədir, yoxsa nədir?  

–  Bu sualınıza onlar daha yaxşı cavab verə bilərlər. Amma düşünmürəm ki, xalqın dərdinə aid məsələdə belə siyasi qərar verilməsi tarixdə izsiz qalacaq.

Hər təşkilat nə vaxtsa atdığı addıma adekvat reaksiya görəcək. Heç bir partiyanın bu mitinqdə diktəsi yoxdur. Biz Qarabağa görə YAPla da birgə siyasi addım atmağa hazırıq.

Heyf ki, canımızı qoyduğumuz təşkilatlar bu gün Qarabağ mitinqində siyasi don axtarırlar. Yenə də özlərinin işidir. Bu cür siyasi addımların qarşılıqlı cavabı olur. Azərbaycan xalqı həssasdır, heç vaxt verilən qərarları unutmur.