Qarabağ aksiyasi / Arxiv / fb.com
Qarabağ aksiyasi / Arxiv / fb.com

 

Fərhad Çağtürk / AzEuroNews.com / BONN ► Almaniyadakı həmvətənlərimiz Birləşmiş Millətlər Təşkilatının (BMT) Bonn şəhərində yerləşən binası qarşısında “Qarabağa azadlıq” tələbi ilə aksiya keçirəcək. Bu barədə AzEuroNews.com-a Almaniyada yaşayan həmvətənimiz Çağlar Qasımov məlumat verib.

Onun sözlərinə görə,  aksiya  yerli vaxtla saat 14:30-da başlayacaq: “Bildiyiniz kimi, Bakıda sabaha “Qarabağa azadlıq” ümumxalq mitinqi təyin edilib. Biz Avropada yaşayan azərbaycanlılar da qərara aldıq ki, o aksiyada iştirak edə bilməsək də, oradakı həmvətənlərimizə buradan mənəvi dəstəyimizi ifadə edək. Bu aksiyada dinindən, siyasi baxışından asılı olmayaraq hər birimizin iştirakı vacibdir. Bu bizim Qarabağla bağlı ilk aksiyamız deyil. İndiyə kimi, bir neçə böyük Qarabağ aksiyamız olub. Bonn şəhəri və ətrafında xeyli azərbaycanlı yaşayır. Elə ona görə də aksiyanın izdihamlı olacağı gözlənilir”.
Aksiyanın BMT binası qarşısında keçiriləməsi ilə bağlı danışan Ç.Qasımov vurğulayıb ki, 93-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistanın işğalçı dövlət olduğunu sübut edən 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edilib: “Bu beynəlxalq ali qurumun qətnamələrində birmənalı şəkildə qeyd olunur ki, Ermənistana məxsus işğalçı qoşunlar dərhal Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır. BMT 1991-ci ildən Azərbaycan dövlət müstəqilliyini və ərazi toxunulmazlığını tanıyır, bu məqsədlə dövlətlərin ərazi bütövlüyünə sadiqdir. Çox təəssüflər olsun ki, aradan 27 il ötməsinə baxmayaraq, Ermənistan öz işğalçılıq siyasətini bu gün də davam etdirir. Bununla yanaşı, beynəlxalq qurumların işğalçılıq siyasətini qətiyyətlə rədd edən qərarları ilə hesablaşmaq istəmir. Bizim tələbimiz odur ki, BMT öz qəbul etdiyi qətnamələrin icrasını Ermənistandan tələb etsin”.

Məlumat üçün qeyd edək ki, “Qarabağ” aksiyası Almaniyanın Bonn şəhərində “Platz der Vereinten Nationen I”  ünvanında saat 14:30-da baş tutacaq.