Xəzər Teyyublu

Emil Salamoğlu / AzEuroNews.com / Bakı  ► “Qarabağa dəstək mitinqinin keçirilməsi zəruridir. Çünki regionda və Cənubi Qafqazda baş verən proseslər sürətlənib. Merkel, Ərdoğan, Putin Bakıya gəliblər, ATƏT tərəfindən Qarabağla bağlı yeni rəylər var. Bu, yeni prosesin başlanğıcıdır. Belə olan halda Qarabağ münaqişəsinin həllini sürətləndirmək üçün xalqın geniş dəstəyinə ehtiyac var”. Bu sözləri AzEuroNews.com saytına Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyəti üzvü Xəzər Teyyublu bu gün “Məhsul” stadionunda keçiriləcək mitinqlə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, bu mitinq iqtidara bir mesajdır və hakimiyyət Qarabağla bağlı diplomatik siyasətində manevrləri genişləndirməli, siyasətini gücləndirməli və paralel olaraq hərbi gücümüzün olduğu bilinməlidir. X.Teyyublunun fikrincə, mitinqdə kütləvilik gözlənilir və hökumətin də dəstəyinin olması vacibdir. KXCP funskionerinin fikrincə, Azərbaycan Rusiya tərəfindən Qarabağ məsələsində küncə sıxışdırılıb, beynəlxalq aləm ikili siyasət yürüdür, münaqişənin dondurulmuş halda saxlanmasına çalışılır: “Ona görə də mitinqdə hər kəs iştirak etməlidir, dünya bizə baxır. Qarabağ hamının dərdidir”.

KXCP rəsmisi mitinqə REAL partiyası və Milli Şura rəhbərliklərinin qoşulmayacağı haqda deyib ki, bundan məlumatsızdır: “Qəlbində Qarabağ sevgisi olan hamı mitinqə qoşulmalıdır və burada siyasi yox, ümummilli məsələdən söhbət gedir”.