Emil/AzEuroNews.com

Müsahibimiz Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Emil Həsənlidir. Gənc politoloq AzEuroNews.com saytına müsahibəsində gündəmin aktual mövzularından olan Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşə razılıqdan, bu görüşün nəticələrinin nəfən ibarət olacağından danışıb.

–  Prezidentlər görüşə razılaşdılar. Əliyev – Paşinyan görüşündən, Qarabağ danışıqlarından gözləntiniz nədir?

 –   Paşinyan ilk olaraq yumşaq xarici siyasət göstərdiyini nümayiş etdirmişdi. Bu da bir növ daxili auditoriyaya işləmiş bir həmlə idi. Çünki erməni xalqı müharibədən bezib və övladlarının Azərbaycan torpağı olan Qarabağda şəhid olmasını istəmirlər.

Buna görə necə deyərlər, Paşinyan xalqın incə damarına basmaqla özünə dayaq yaratdı və hakimiyyətə gəlmək üçün xalqın dəstəyini tam aldı. Lakin sonralar sərsəm bəyanatlar verdi.

Əliyevlə Paşinyan görüşünə gəlincə isə bu görüşlərin keçirilməsi sülh danışıqları üçün çox vacibdir. Lakin bununla belə Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda Ermənistan qərar vermək iradəsinə sahib deyil.

Bu dövlət Rusiya nə deyir onunla hərəkət edir. Sülh danışıqlarında isə hesab edirəm ki, Paşinyan müstəqil qərar verə bilməz. Burada o, Rusiyanın diqtəsi ilə hərəkət edir.

Eynilə Rusiya da bölgədə savaş istəmir. Ukrayna, Gürcüstanda gedən savaşlar Rusiya üçün xoş heç nə verməyib. Ona görə Rusiya çalışır ki bölgədə savaş olmasın.

Belə görüşlər tez-tez keçirilməlidir. Amma Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həllini prioritet kimi götürsə də, hər zaman hərb yolundan istifadə edə biləcəyini də istisna etməyib.

 –    Prezidentlərin görüşünün ən azı cəbhə xəttində silahların uzunmüddətli susmasına gətirib çıxaracağını söyləmək olarmı? Çünki Paşinyan oğlunu Cəbrayıla göndərdiyini, sülh istədiyini bildirir, erməni anaları azərbaycanlı analara müraciət edirlər…

 –    Cəbhə xəttində atəşkəs pozuntuları hər zamankı kimi olacaq. Çünki düşmən hər zaman öz təxribatçı niyyətlərindən əl çəkmir. Azərbaycan ordusu isə onlara layiqli cavab verir. Aprel savaşlarından sonra düşmənin içində gerçəkdən bir xof var. Ona görə cəbhədə hər hansı təxribatlara əl atmaqdan çəkinirlər.

Aprel savaşı onlara veriləcək ən gözəl bir dərs idi. Bəli, artıq həm də Paşinyan Dağlıq Qarabağda savaş istəmir. Azərbaycan tərəfi torpaqların hərb yolu ilə həllinə əl atsa, bu sükut pozulacaq. Dünya dövlətləri, başda BMT olmaqla digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Bu amildən istifadə etmək imkanımız var. Burada hər hansı bir dövlət əgər Ermənistanı dəstəkləyərsə o zaman işğalçıya dəstək vermiş sayılar. Ona görə hər hansı dövlət özünə belə bir damğa vurmaq istəməz.

 – Rusiyanın prezidentlərin görüşünə reaksiyasını necə gözləyiriniz? Moskva Bakının KTMT-yə üzvlüyü üçün Qarabağın həllini sürətləndirə bilərmi?

  Əslində bu görüş təmas xəttində hər hansı gərginlik baş verməsin deyə Rusiya tərəfindən təşkil olunmuşdu. Həm də sülh danışıqlarına bir töhfəsi olsun deyə atılan addım idi. Paşinyan bizə qarşı sərsəm bəyanatlar verdi. Ardınca prezident İlham Əliyev Paşinyana layiqli cavab verdi. Rusiya tərəfi isə bundan narahat oldu.

Bilirsiniz, Ukraynada savaş durumunda olan bir dövlətə Suriyada savaş aparan bir dövlətə (Rusiya) heç zaman Cənubi Qafqazda savaş başlaması sərf etmir. Ona görə Rusiya cəhd edir ki, tərəfləri sakitləşdirsin.

Moskvanın Azərbaycanı KTMT-yə qoşmaq üçün Qarabağ kartını işə salmasını isə təhlükəli hesab edirəm. Azərbaycan belə vədlərə inanmamalıdır. Çünki Putin cəhd edir ki, SSRİ-ni bərpa etsin.

Bununla belə Moskva 20 ildən çoxdur konkret mövqe ortaya qoymur. Sözdə ərazi bütövlüyümüzü dəstəkləyir, amma milyardlarla dollar, silah hər il Ermənistana pulsuz verir.