Aqil Abbas
Aqil Abbas

Emil Salamoğlu / AzEuroNews.com ► “Dünyanın hər yerində, eləcə də Azərbaycanda hər səhər marşrut sürücüləri həkim müayinəsindən keçirdi. Sovet dövründə belə idi. Bunlar isə müayinədən keçmirlər. Nəticədə belə faciə baş verir”.

Bu fikirləri AzEuroNews.com–a millət vəkili, yazıçı Aqil Abbas 2 nəfərin öldüyü, 42 nəfərin yaralandığı qəzada avtobus şoferinin narkoman olmasının üzə çıxması ilə bağlı danışarkən bildirib.

Deputat bildirib ki, həkim sürücünün sağlam olduğunu, içki qəbul etmədiyini müəyyən etdikdən sonra marşrut xəttində işləməyə buraxır: “Onu marşruta baxan şirkətin rəhbərinə, qarajın həkiminə cəza düşür. Hər qarajın öz həkimi var. Sən niyə narkomanı işləməyə buraxırsan?”

A.Abbas Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Bakı Nəqliyyat Agentliyinin cəzaları sərtləşdirməsinə tərəfdardır: “Hətta bir insan içkiyə meyillidirsə, belə desək davamlı olaraq yeyib–içən adamdırsa, onu işə götürmürlər, deyirlər get sağal, gəl.

Yol polisi də bununla mübarizə aparır. Amma hər şirkətin qapısında bir polis qoymaq olmaz ki, sürücülərə nəzarət etsin. Ona görə də ilk növbədə şirkətin sahibi və həmin sürücünü buraxan həkim cəzalandırılmalıdır”.

Daxili İşlər Nazirliyinin (DİN) Bakıda avtobusla qatarın toqquşması qəzası ilə bağlı yaydığı rəsmi məlumatda bildirir ki, oktyabrın 1-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi “Daevoo” markalı 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub.

Nəticədə sürücü və 42 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Şakir Əliyev və Yusif Dadaşzadə orada ölüblər. Sürücünün narkoman olduğu müəyyən edilib. Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.