Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və daxili su hövzələrində balıq ovlamaq üçün verilən kvota və balıqovlama biletləri ödənişlidir və qiymətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il 146 №-li qərarı ilə tənzimlənir.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, bir ton balıq ovuna icazə alınması üçün Kütüm, Şamayı, Xəşəm, Xərçəngkimilər-287, Çəki, Sıf-230, Siyənək-143,75, Kilkə-57,50, Kefal, Çapaq, Külmə, Qarasol və digər balıq növləri-115 manat ödəniş edilməlidir: “Хarici vətəndaşlar göstərilən balıq növləri üçün müəyyən edilmiş qiymətlərin iki qatını ödəməlidir. Kvota və balıqovlama bileti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən elektron qaydada verilir”.

İ.İbrahimova bildirib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli 613 №-li qərarı ilə 2018-ci il üçün Xəzər dənizində 3454,9, daxili su hövzələrində 205,1, ümumilikdə 3660 ton həcmində müxtəlif növ balıqların ovlanmasına icazə verilib.