Ramiyə Məmmədova
Ramiyə Məmmədova

Emil Salamoğlu / AzEuroNews.com ► Qərbi Kaspi Universitetinin “Siyasi  Elmlər” kafedrasının dekan müavini, siyasi şərhçi Ramiyə Məmmədova müsahibimizdir. Xanım politoloq AzEuroNews.com–a müsahibəsində liderlərin regiona səfərləri, Qarabağ danışıqlarında yeni səhifə, Əliyevlə Paşinyanın görüşündə gözləntilərdən qısaca danışıb. Onun açıqlamalarını təqdim edirik:

 –   Ramiyə xanım, Bakıya ardıcıl liderlər gəldi – Merkel, Ərdoğan, Putin…Amma bu səfərlərdə enerji əməkdaşlığı prioritet mövzu idi. Niyə Qarabag masada 1- ci müzakirə olmur?

 –  Bu liderlərin gəlişinin səbəbləri ayrıca müzakirə məsələsidir. Geniş təhlil və çoxşaxəli baxış tələb edir. Təbii ki, görüşlər iqtisadi baxımdan sözü gedən ölkələrə daha maraqlıdır.

Çünki Qafqaz ölkələri arasında Azərbaycanın başçılıq etdiyi və iştirakçısı olduğu enerji layihələri həmin ölkələr üçün prioritetdir.

Adını çəkdiyiniz ölkələr hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etməkdədirlər. Lakin tək bir Türkiyə lideri Bakı səfərində Qarabağ problemini dilə gətirdi.

Bu da onu göstərir ki, beynəlxalq hüquq normalarından, doğruluqdan, ədalətdən hər zaman danışan Avropa Qarabağa biganə yanaşır.

Əslində, Rusiya prezidentinin Bakı görüşündən daha çox gözləntilər vardı. Lakin Putin də açıq bəyanat vermədi. Baxmayaraq ki, Düşənbə görüşündə Əliyevlə Paşinyanın danışıqlarına Putinin qatqısı olmuşdu.

 –  Əliyevlə Paşinyan görüşündən gözləntiniz nədir, yeni erməni iqtidarı bu konfliktin həllində doğurdan maraqlıdırmı yoxsa Paşinyan daxili auditoriyaya oynayır?

 Əliyevin Paşinyanla görüşə razılaşması  Putinin sözünü yerə salmayaraq ona şans verməsidir. Bu şans daha çox Paşinyana lazımdır. Çünki onun hazırda yürütdüyü daxili və xarici siyasət gələcək seçkilərdə böyük ziyanına işləməkdədir.

Paşinyan anlayır ki, verdiyi sərsəm bəyanatlarla Qarabağın həlli çözüm yolu deyil. Buna görə də qarşı tərəfə addım ataraq, yəni məsələnin həllində daha güclü tərəf olan Azərbaycanla danışıqlar aparması vacibdir.

Sadəcə, Rusiya münaqişənin həllində Ermənistana dəstəyini dayandırsa, yaşıl işıq yandrsa, torpaqlarımızı öz gücümüzə almağa qadirik.

Yəni, biz yaxın zamanlarda görəcəyik ki, Paşinyan nə dərəcədə öz dövləti və milləti yoxsa hakimiyyəti üçün çalışır. Hər şey Rusiyanın seçkidə Paşinyana nə dərəcədə etimad göstərəcəyindən asılıdır.