Simvol foto / © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol foto / © Fərahim İlqaroğlu / AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com ► Almaniyada yaşayan həmvətənlərimiz bu ölkənin Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsinin (BAMF) qarşısında etiraz aksiyası keçirəcək.

Bu barədə AzEuroNews.com-a Almaniyada dərc edilən “Avropost” qəzetinin və “Kanal13” internet televiziyasının rəhbəri baş redaktoru Anar Orucov məlumat verib. 

Anar Orucov
Anar Orucov

Onun sözlərinə görə, Almaniyada azərbaycanlılara və ümumiyyətlə, miqrantlara qarşı daha sərt münasibət göstərən Bavariya əyalətidir : “Orda yaşayan yaxın dostlarımızla, həmvətənlərimizlə avqust ayında olan görüşdə çoxsaylı problemlərin olduğu ortaya çıxdı.  Sonra yerli hakimiyyətin münasibətinə və özəlliklə də yerli BAMF-a qarşı bir etiraz aksiyası keçirmək qərarına gəldik. Ötən həftənin sonlarında Aşağı Bavariya (Niederbayern-almanca) əyalətinin mərkəzi şəhərlərindən biri olan Deggendorfda BAMF-ın qarşısında yerli hökumətdən azərbaycanlı miqrantlara qarşı hörmət və hüquq çərçivəsində davranmaları tələbi ilə etiraz aksiyası keçirdik. Aksiyaya Demokratik Azərbaycanı Seç (DAS) təşkilatı dəstək verirdi və iştikaçılar həmin ərazidə yaşayan 80 nəfərə qədər həmvətimiz idi. Çox sakit tərzdə və insan haqlarına hörmət tələb edən plakatların nümayişi ilə keçək aksiyada maraqlı məqam o oldu ki, mitinqin sonuna az qalmış bizi şəhər rəhbərliyinin görüşə dəvət etdiyini bildirdilər. Biz şəhər rəsmiləri, yerli bələdiyyə nümayəndəsi, region üzrə BAMF-ın rəhbəri cənab, yerli polisin şefi və Aşağı Bavariya hökumətinin təhlükəsizlik və sosial işlər üzrə rəhbəri cənab Helk ilə görüşdük”. 

A.Orucovun sözlərinə görə, görüş zamanı jəmvətənlərimizin səsləndirdiyi bütün problemlər bir-bir müzakirə olunub: “Problemlərin bəzilərini əvvəl qəbul etməsələr də sonradan Zöhrab bəy canlı şahid kimi yaşadığı ayrı-ayrı haqsızlıqları anlatdı və ümid etmək istəyirəm ki, onların da apardığı müvafiq qeydlər sonradan nəzərə alınacaq. Hər halda miqrantlara qarşı daha aqressiv münasibət göstərən bir regionda yüksək səviyyəli məmurlarla görüşün həmyerlilərimizin vəziyyətini müəyyən qədər də olsa qaydaya salacağına ümid edirəm. Aksiya və tədbirlər davam etməlidir. Növbəti tədbir Nürnberqdə, BAMF-ın mərkəzi qərargahının qarşısında 18 oktyabrda olacaq”.