Fərhad Çağtürk / AzEuroNews.com / Köln ► Almaniyada qaçqınların yaşadığı yataqxanaların mühafizəsi gücləndirilib. Bu barədə AzEuroNews.com-a Almaniyanın Bavariya əyalətindəki yataqxanalardan birində qalan həmvətənimiz məlumat verib.  Onun sözlərinə görə, Xemnitz şəhərində ultra-sağçı radikal terror təşkilatı yaratmağa cəhddə şübhəli bilinən 7 nəfərin həbsindən sonra bütün yataqxanalarda  təhlükəsizlik tədbirləri artırılıb, eyni zamanda mühafizə gücləndirilib. 

“Yataqxanada təxminən 20 ailə qalır. Düzdür bu əyalətdə gəlmələrə qarşı yerli əhalinin əksəriyyəti tərəfindən birmənalı münasibət yoxdur. Xemnitz şəhərində baş verən olaylar zamanı bizə mümkün qədər küçəyə çıxmamaq tapşırılmışdı. Polislər sağ olsunlar mühafizəmizi təşkil edirdilər. İndi Xemnitzdə terror hazırlığında olan 7 nəfərin həbs edilməsindən sonra təkcə bizim yox, bu əyalətdəki bütün yataqxanaların mühafizəsi gücləndirilib” deyə həmvətənimiz məlumat verib. 

Qeyd edək ki, 26 avqustda Almaniyanın Saksoniya federal torpağındakı Xemnitz şəhərində alman vətəndaşının İraq və suriyalı miqrantlar tərəfindən bıçaqlanaraq öldürülməsindən sonra ultra-sağçılar şəhərdə kütləvi etiraz mitinqlərinə başlayıb. Etirazlarla yanaşı, şəhərdə ultra-sağçı alman millətçilərinin “miqrant ovuna” çıxması və onları təqib edərək şiddət tətbiq etdiyinə dair internetdə videolar yayımlanmışdı.