Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turuna yekun vurulacaq.

“Report” xəbər verir ki, ikinci oyun günündə 8 qarşılaşma baş tutacaq.

Turun mərkəzi görüşü İngiltərədə “Tottenhem” və “Barselona” klubları (İspaniya) arasında keçiriləcək.

London klubu ilk matçında səfərdə İtaliya “İnter”inə məğlub olub 1:2. “Barselona” isə evdə Hollandiyanın PSV klubunu darmadağın edib – 4:0. Meydan sahiblərinin heyətində Mişel Vorm, Dele Alli, Kristian Eriksen, Yan Vertongen və Mussa Dembele zədə səbəbindən bu matçda iştirak etməyəcək. Qonaqların heyətində isə Samuel Yumtiti ilk turda qırmızı vərəqə aldığı üçün cəzalıdır.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” səfərdə Portuqaliya “Portu”sunun müqavimətini qırmağa çalışacaq. Türkiyə klubu ilk turda evdə Rusiya “Lokomotiv”ini 3:0 hesabı ilə üstələyib. Bugünkü meydan sahibləri isə səfərdə Almaniya “Şalke”si ilə heç-heçə edib – 1:1.

Bu qarşılaşma İstanbul təmsilçisi üçün əlamətdar ola bilər. Fatih Terimin rəhbərlik etdiyi kollektiv meydanı 3 xalla tərk edəcəyi təqdirdə, avrokuboklarda 100-cü qələbəsini rəsmiləşdirəcək. “Qalatasaray” üç aparıcı futbolçusunun xidmətindən yararlana bilməyəcək. Papa Ndiaye cəza, Emre Akbaba və Eren Derdiyok isə zədə səbəbindən komandaya kömək edə bilməyəcək. Meydan sahiblərindən isə Rişedli Bazur və Vensan Abubakar görüşü buraxacaq.

Günün digər maraqla gözlənilən oyunu İtaliyada keçiriləcək. “Napoli” turnirin son finalçısı İngiltərə “Liverpul”unu qəbul edəcək. Neapol təmsilçisi ilk turda Serbiyada “Srvena Zvezda”nın müqavimətini qıra bilməyib – 0:0. “Liverpul” isə evdə Fransa PSJ-sindən üstün olub – 3:2. Hər iki komanda bu qarşılaşmaya itkilərlə çıxacaq. İtaliya təmsilçisinin heyətində Aleks Meret, Vlad Kirikeş və Fauzi Qulam, qonaqlarda isə Adam Lallana və Divok Origi zədəlidir.

Çempionlar Liqası, II tur

3 oktyabr

A qrupu

23:00. “Atletiko” (Madrid, İspaniya) – “Brügge” (Belçika)

23:00. “Borussiya” (Dortmund, Almaniya) – “Monako” (Fransa)

B qrupu

23:00. PSV (Eyndhoven, Hollandiya) – “İnter” (İtaliya)

23:00. “Tottenhem” (İngiltərə) – “Barselona” (İspaniya)

C qrupu

20:55. PSJ (Fransa) – “Srvena Zvezda” (Serbiya)

23:00. “Napoli” (İtaliya) – “Liverpul” (İngiltərə)

D qrupu

23:00. “Portu” (Portuqaliya) – “Qalatasaray” (Türkiyə)

20:55. “Lokomotiv” (Moskva, Rusiya) – “Şalke” (Almaniya)