Filippinin Mindanao bölgəsində “Əbu Səyyaf” terror qruplaşmasının silahlıları ilə hərbçilər arasında toqquşma baş verib.

Sinxua agentliyi xəbər verir ki, döyüşdə 11 terrorçu məhv edilib, Filippin Silahlı Qüvvələrinin 17 hərbçisi yaralanıb.

Avqustun 24-də “Əbu Səyyaf” terror qruplaşmasının silahlıları bir müddət əsir saxladıqdan sonra 18- yaşlı Patrik Almodavarı başını kəsərək edam ediblər. Aprel ayında Filippin ekstremistləri girov götürdükləri Kanada vətəndaşı Con Ridsdeli edam etmişdilər.

Qeyd edək ki, “Əl Qaidə”nin yerli qanadı olan “Əbu Səyyaf” qruplaşması Filippinin cənubunda 20 ildir ki, fəaliyyət göstərir.  2004-cü ildə qruplaşmanın silahlıları Filippin tarixində ən irimiqyaslı terror aktı törədiblər. O zaman sərnişin bərəsinin partladılması nəticəsində 200-dən çox insan həyatını itirib.