Araz Əlizadə
Araz Əlizadə

Emil Salamoğlu / AzEuroNews.com  “Marşrutda gediş haqqını qaldırmaqla keyfiyyət qalxmır. Mədəniyyət, məsuliyyət olmalıdır. O narkoman sürücünü avtobus sürməyə buraxan şəxslər məsuliyyətə cəlb olunmalıdır.

Əks halda parlament, Nazirlər Kabineti ictimai nəqliyyatla bağlı nə qədər qərar istəyirsə qəbul etsin, bir müddət sonra yenə belə problemlər yaşanacaq”.

Bu sözləri AzEuroNews.com-a deputat Araz Əlizadə bir neçə gündür müzakirə olunan Bakıda narkomanın törətdiyi dəhşətli avtobus qəzası ilə bağlı danışarkən söyləyib. A.Əlizadənin sözlərinə görə, sovet vaxtı sürücülər tibbi müayinədən keçirilirdi:

“Bizsə bu müayinəni ləğv ediblər. Formal olaraq saxlanıb, reallıqda isə qalmayıb. Niyə? Çünki həkimə əlavə pul xərcləmək istəmirlər. Həmçinin, sovet vaxtı texniki baxış olurdu, o da yoxdur”.

Deputat bildirib ki, bu gün marşrutlarda nəinki narkoman, sürücülük vəsiqəsi olmayanların işlədikləri dəfələrlə üzə çıxıb: “Necə olub narkoman sürücülük vəsiqəsi alıb?  Ümumiyyətlə, bizdə narkomanlara qarşı yumşaq addımlar atılır, mən sərt tədbirlər görülməlisinin tərəfdarıyam.

Bu avtobus kimindir, onu kim buraxıb, həmin şəxslər də sürücülü ilə birlikdə məsuliyyətə cəlb olunmalıdırlar. Yoxsa parlamentin qərar qəbul etməsi ilə məsələlər tənzimlənmir”.

Daxili İşlər Nazirliyinin (DİN) Bakıda avtobusla qatarın toqquşması qəzası ilə bağlı yaydığı rəsmi məlumatda bildirir ki, oktyabrın 1-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi “Daevoo” markalı 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub.

Nəticədə sürücü və 42 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Şakir Əliyev və Yusif Dadaşzadə orada ölüblər. Sürücünün narkoman olduğu müəyyən edilib. Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.