Fərhad Çağtürk / AzEuroNews.com ► Finlandiyanın Helsinki şəhərində yenicə fəaliyyətə başlayan Azərbaycan məktəbi bağlanıb. AzEuroNews.com – un əldə etdiyi özəl məlumatda deyilir ki, bir müddət əvvəl Helsinkidə azərbaycanlı uşaqlar üçün açılan və Azərbaycan dili, tarixi və mədəniyyətinin tədris olunduğu məktəb Finladiya hökuməti tərəfindən qapadılıb. 

Saytımız məktəbin bağlanma səbəbi ilə bağlı araşdırma aparıb və olduqca maraqlı faktlar ortaya çıxıb.

Əldə etdiyimiz məlumata görə, Kəmalə adlı həmvətənimiz Helsinkidə yaşayan azərbaycanlıların uşaqları üçün bir binadan yer kirayələyib. Balaca sinif otaqlarında azərbaycanlı uşaqlara Azərbaycan dili, tarixi və mədəniyyəti tədris olunurmuş. Lakin bir müddət sonra məktəbin fəaliyyəti Finlandiya hökuməti tərəfindən dayandırılıb. Buna səbəb isə, bu təhsil ocağının fəaliyyəti ilə bağlı edilən şikayət göstərilib.

AzEuroNews.com məktəbi Finladiya hökümətinə şikayət edənin kimliyini də öyrənib. Bu  Avropa Azərbaycanlıları Konqresinin xanım üzvlərindən biridir.

Mövzu ilə bağlı saytımıza danışan diaspora məsələləri üzrə ekspertin sözlərinə görə, bu olay Avropa Azərbaycanlıları Konqresinin parçalanması fonunda tərəflərin bir-biri ilə mübarizəsi müstəvisində baş verib. 

“Bildiyiniz kimi Avropa Azərbaycanlıları Konqresi iki hissəyə parçalandı. Vaxtı ilə diaspora komitəsinin sədri Nazim İbrahimovun ən çox dəstək verdiyi bu təşkilat iki hissəyə parçalansa da, ümumi problemləri bir kənara qoyaraq bir-biriləri ilə mübarizə aparırlar. Bir tərəfdə Sahil Qasımovun adamları, digər tərəfdə Füzuli Məmmədovun adamları” deyə ekspert bildirib.

Məlumat üçün bildirək ki, Helsinkidə Azərbaycan məkətəbinin fəaliyətini şikayət edərək onun bağlanmasına səbəb olan şəxsin kimliyi bizə məlumdur. Məsələ ilə bağlı həmin şəxsə müraciət edilib, yaxın günlərdə onun da bu mövzu ilə bağlı açıqlamasını saytımızda oxuya biləcəksiniz.