Rasim Musabəyov
Rasim Musabəyov

Emil Salamoğlu/AzEuroNews.com ► Millət vəkili, politoloq Rasim Musabəyov AzEuroNews.comun suallarını cavablandırıb. Deputat qısa müsahibəsində Qarabağın həlli problemi və prezidentlərin gözlənilən görüşündən danışıb:

– Rasim müəllim, Əliyevlə Paşinyanın MDB sammitində ayaqüstü söhbətindən sonra danışıqlarda nələrsə dəyişə bilərmi?

–  Əvvəla iki dəqiqəlik danışığı şişirtməyə ehtiyac yoxdur və burdan hələlik ciddi nəticələr çıxarmaq tezdir, sadəlövhlük olar. Buna qədər prezidentlər 30-40 dəfə görüşüblər, saatlarla müzakirələr aparıblar. Ona görə hələlik nəticə gözləməyə dəyməz. Cənab prezident Paşinyana 2 dəqiqə vaxt ayırıb, bu sadəcə dialoqun bir başlanğıcıdır.

 – Amma növbəti görüşdə hansısa məsələlərdə razılığa gəlinə bilər…

–  İlk növbədə Paşinyan hakimiyyətdə möhkəmlənməyə çalışacaq, daxildə mövqeyini gücləndirəcək. Buna qədər parlamenti buraxacaq, seçkilər keçiriləcək, yerini möhkəmləndirəcək. Ondan sonra xarici işlər nazirləri görüşməlidirlər.

Eyni zamanda Minsk Qrupunun həmsədrləri gəlməlidirlər, dövlət rəhbərlərinin görüşünün detalları razılaşdırılmalıdır, seçkilərdə Paşinyan qalib gəlməlidir. Bir sözlə, bütün bunlardan sonra görüş ola bilər və nədənsə danışa bilərik. Ona görə də ilin axırına qədər prezident İlham Əliyevlə Paşinyanın görüşü, danışıqları gözlənilmir.

–  Son vaxtlar 7 rayonun qaytarılmasından tez-tez danışılır.  Gözləntiniz nədir?

– Bu məsələ Madrid prinsiplərində var. Söhbət 5+2 variantından gedir. Azərbaycana 7 rayon qaytarılır, təhlükəsizlik tədbirləri görülür, kommunikasiya yaradılır. Hələlik real heç nə yoxdur.

–  Rasim müəllim, hesab edirsinizmi Qərb Qarabağ məsələsinin həllində və danışıqlarda əvvəlki qədər fəal deyil, sanki Rusiya daha aktiv görünür?

–  Mən belə deməzdim. Fransa prezidenti Makron münaqişənin həllinə diqqət ayırır. Azərbaycana və Ermənistana səfəri olacaq. ABŞ prezidenti Tramp hər iki dövlətə məktub göndərmişdi ki, Qarabağ məsələsində dəyişikliklər zəruri və qaçılmazdır. Amma o da doğrudur ki, hələlik Tramp adminsitrasiyası bu məsələni boynuna götürmək istəyində görünmür.