Fuad Muradov
Fuad Muradov

 

Fərahim İlqaroğlu / AzEuroNews.com / Köln ► “Fuad Muradov Diaspora Komitəsinə sədr seçiləndən sonra Azərbaycandakı digər məmurlarla müqayisədə çox iş görüb”. Bunu  AzEuroNews.coma açıqlamasında Almaniyada fəaliyyət göstərən “Leqat”  inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev Azərbaycan Diaspora Komitəsinin sədri Fuad Muradovun 6 aylıq fəaliyyətini dəyərləndirərkən deyib. 

Əlövsət Əliyev
Əlövsət Əliyev

Ə.Əliyevin sözlərinə görə, komitə sədri Avropada o cümlədən Almaniyada dövlət rəsmiləri ilə görüşlər keçirib : “Həmin görüşlərdən sonra Azərbaycan belə bir qərar qəbul etdi ki, Almaniyada yaşayan etnik mənşəyinə görə, azərbaycanlı olan Almaniya vətəndaşlarına vizalar 5 il müddətinə verilsin. Bu hər halda Fuad bəyin hesabına gündəmə gətirildi və həyata keçirildi. Almaniyada yaşayan biri kimi, eyni zamanda azərbaycanlılarla işləyən inteqrasiya mərkəzinin rəhbəri olaraq mən də komitə sədrinə təkliflərimi yazıb göndərmişdim. Avropada azərbaycanlıların təşkilatlanması, ermənilərin Avropadakı məkirli diaspora fəaliyyətləri  ilə bağlı müraciətlərimiz olub. Ayrı-ayrı məsələlərlə bağlı bəzi müzakirələrimiz hələ də davam edir ”.

 


“Komitə sədri və səfir ora qonaq kimi dəvət olunmalı idi, daha…”


 

 “Leqat” rəhbəri bildirib ki, Diaspora Komitəsi təkcə Azərbaycan hakimiyyətini dəstəkləyənlər, onlara yaxın olanlarla deyil, müxalifətin tanınmış üzvləri, eyni zamanda müstəqil həmvətənlərimizlə də görüşlər keçirib : “Ola bilər ki, onlar əlqaələrini gizlədirlər. Amma mən hesab edirəm ki, bu əlaqələri gizlətməyə ehtiyac yoxdur. Təkiliflərimin cavabını gözləyirəm. Müsbət və ya mənfi cavab da verə bilər”.

Ə.Əliyev Diasora Komitəsini Türkiyədəki fəaliyyətini alqışladığını vurğulayıb: “On illərdir Türkiyədə Azərbaycan vətəndaşları sənədsiz yaşayırdılar. Jurnalist Aynur İmranovanın Türkiyədəki bu problemlə bağlı “Yeni Müsavat” qəzetinə bir müsahibəsi oldu. Komitə sədrinin bu problemə dərhal reaksiya verməsi və Türkiyəyə xüsusi bir qurpun göndərilməsi yaxşı bir hal idi. Təbii ki, Diaspora Komitəsi şəxsiyyət vəsiqəsi verən bir orqan deyil. Amma həmin adamları gətirib səfirliklə əlaqələndirəcəklər ki, onlar sənədsiz qalmasınlar”.

Bütün bunlara baxmayaraq problemlərin davam etdiyini bildirən “Leqat” rəhbəri qeyd edib ki, həmin problemlərin bir çoxu keçmiş komitə sədri Nazim İbrahimovun dövründən qalmadır : “Almaniyada, Fransada diapsora ilə bağlı yeni qurumların yaradılmasını bəyənir və alqışlayıram. Mənim ora dəvət olunub-olunmamağımdan aslı olmayaraq. Təəsüf ki, köhnə səhvlər yenə davam etdirilir. Diasporanın formalaşdırılması səfirin və ya Diaspora Komitəsinin sədrinin keçirdiyi toplantıda baş tuta bilməz. Almaniyada yaşayan azərbaycanlıların səfirlə, Diaspora Komitəsi ilə, ümumilikdə hakimiyyətlə münasibəti yaxşı da ola bilər, pis də. Təşkilat komitəsi yaradılmalı, ona rəhbərlik edəcək olan təşkilatçılar müəyyən edilməli idi. Onlara insanlarla fərdi qaydada söhbət apardıqdan sonra ora dəvət olunmalı idi. Fuad Muradov da, Almaniyadakı səfirimiz də ora qonaq kimi dəvət olunmalı idi. Gəlib orda rəyasət heyətində oturmalı deyildilər. Onların bu fəaliyyət təəssüflər olsun ki, 10 il əvvəl Kəmaləddin Heydərovun oğlunun Böyük Britaniyada, Ziya Məmmədovun oğlunun Amerikada yaratdığı diaspora təşkilatlarından fərqli bir şey olmayacaq. Ən yaxşı halda Fuad bəyin sədrliyi ilə yaradılan diaspora təşkilatları onun vəzifədə olduğu müddətə qədər ömür sürəcək. Və ya Almaniyadakı səfirin təsis etdiyi bir qurum səfirin özünün fəaliyyəti qədər ömür sürəcək. Hesab edirəm ki, diaspora təşkilatları hakimiyyət və nümayəndlərindən aslı olmalı deyil. Azərbaycandakı hakimiyyətin üstündə dayanan bir təşkilat olmaldır. Xaricdə yaranan diaspora təşkilatlarında hakimiyyətə münasibətindən aslı olmayaraq hər kəs təmsil olunmalıdır. Diaspora təşkilatları Azərbaycan siyasətinə təsir edə biləcək gücdə olmalıdır. Daha Azərbaycandakı hakimiyyətin gücü hesabına yalandan, statistika üçün yaradılmalı deyil”.

Ə.Əliyev vurğulayıb ki, bütün bunlara baxmayaraq F.Muradovun gördüyü işləri alqışlayır : “Azərbaycanlıları axtarır, tapır. Bəziləri ilə fərdi görüşlər keçirir. Azərbaycan üçün iş görən adam səhnədə özünün görünməyinə maraqlı olmalı deyil. Almaniyada 20 ildən çox yaşayan Azərbaycan vətəndaşları var. Hansı ki, onların çoxu Almaniyada siyasətə təsir etmək gücün malikdirlər. Onlar öz vətənlərinə gedib iş görmək istəyəndə məmurlar tərəfindən elə haqsızlıqlarla qarşılaşırlar ki…. Diapsora Komitəsi həm də onların hüquqlarını müdafiə etməlidir ki, onun qarşılığını ala bilsin”.

Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Almaniyada yaşayan həmyerlimiz Naibə Hacıyevaya görə, F.Muradovun komitə sədri təyin olunmasından sora Avropada Azərbaycan diasporası adına müsbət yöndə dəyişikliklər olub : “Bəzən illərlə görülməsini gözlədiyimiz işi cənab Muradov altı aydan da qısa bir zamanda görüb. Azəraycan naminə Avropada görülən işlərdə burada yaşayan həmvətənlərimiz daha yaxından iştirak edirlər. Bu da bizə böyük stimul verir”.

Naibə Hacıyeva
Naibə Hacıyeva

N.Hacıyevanın sözlərinə görə, Dispora Komitəsi ilə İctimai Televiziyanın birgə layihəsi olan “Vətən uzaqda deyil” layihəsi təqdirəlayiqdir : “Avropada yaşayan həmvətənlərimizlə sıx təmasların qrulması yönündə atılan bu addımı alqışlayıram. Bu verliş həm də Azərbaycanımızdan uzaqda yaşayanlara bir mənəvi dəstəkdir, onlarla hər zaman birlikdə olduğumuzun mesajıdır. Proqram həm də dünyadakı azərbaycanlıları tanımaq, onların fəaliyyətini izləmək və yaxından tanış olmaq fürsətini verir”.

 


“İqtidar-müxalifət ayrımı edirlər”


 

Almaniyada azərbaycanlıların ilk çap mediası olan “Avropost” qəzetinin baş redaktoru Anar Orucovun sözlərinə görə, bu gün lobbi fəaliyyəti ilə məşğul olan aktivistlərin gördüyü iş ilə ayrı-ayrı diaspora təşkilatlarının gördüyü işi tərəziyə qoysaq birincilərinki daha ağır gələcək : “Son illər aktivislərin ölkəni tərk edərək Avropaya üz tutması halları artıb. Bu nə qədər Azərbaycanın mövcud hakimiyyəti üçün mənfi imic formalaşdırsa da, aktivistlərin gəldikləri ölkədəki fəaliyyətləri ümumi məsələlərdə ölkəmizin imicini yüksəldir. Məsələn, biz bu yaxınlarda Almaniyada 2 yaşlı Zəhra balamızın ermənilər tərəfindən qətlə yetirilməsinə etiraz olaraq yürüş-mitinqi keçirmişdik. Qatılanların çoxu Azərbaycanda təqiblərə məruz qalan aktivistlər, vətəndaş cəmiyyətinin üzvləri, jurnalistlər və bloqqerlər idi. Biz bunu Cumhuriyyətimizin 100 illiyi ilə bağlı keçirdiyimiz yürüş-mitinqində də gördük”.

Anar Orucov
Anar Orucov

A.Orucov iddia edir ki, Azərbaycanda qarşılaşdıqları müəyyən problemlərlə bağlı Avropaya üz tutan aktivistlər burada lobbi təşkilatlarının qurulmasında yaxından iştirak edirlər : “Aktivistlər üçün hökuməti atdığı yanlış attımlar hədəflərdən biri olsa da, Azərbaycanın maraqlarının beynəlxaq arenada qorunması da həmçinin böyük əhəmiyyət daşıyır. Təəsüfflər olsun ki, Diaspora Komitəsinə bağlı ayrı-ayrı təşkilatlar ümummilli məsələlərdə iqtidar-müxalifət ayrımı edir. Nədənsə onlar düşünürlər ki, diaspora işi ilə sırf hakimiyyət dəstəkçiləri məşğul ola bilər. Avropadakı aktivistlərin fəaliyyəti bu düşüncənin üstündən yekə bir xətt çəkdi. Bütün bunlara baxmayaraq Azərbaycanımızın milli maraqları naminə, haqq səsimizin dünyaya çatdırılması naminə bizimlə birlikdə olmaq istəyən insanların yanında olacağıq. Yetər ki, onlar Azərbaycan üçün nəsə etmək istəsinlər. Bu iqtidarın içərisində də müəyyən sayda insanlar var ki, bu ölkənin inkişafına dəstək olurlar, tanımadıqları uşaqların xaricdə təhsil almasına kömək edirlər” .

 


“… bir dəfə də olsun dəstəyi götürüb bizə zəng vuraraq təbrik etməyib”


 

İsveçdə Azərbaycanla bağlı bir çox tədbirin təşkilatçısı olan Kənan Hacıəkbəroğlu Fuad Muradovun altı aylıq fəaliyyətini şərh edərkən deyib ki,  əvvəlki illərlə müqayisədə müsbət istiqamətdə xeyli dəyişikliklər olub : “Fuad bəyin təyinatından sonra yaşadığm ölkədə olan diaspora təşkilatlarında bir canlanma yaranıb. Komitə sədrinin tez-tez Avropaya səfər edib buradakı həmvətənlərimizlə görüşməsi, yeni-yeni diaspora təşkilatlarının yaranması müsbətə doğru atılan bir addım kimi qiymətləndirmək olar. Eyni zamanda Fuad bəy Avropada yaşayan həmvətənlərimizin ayrı-ayrı sahələrdə əldə etdikləri uğurları daim diqqətdə saxlamağa çalışır.  Məsələn, mənim oğlum İsmayılın gimnastika üzrə İsveç Kubokunda uğurlu çıxışından xəbər tutan Fuad Muradov bizimlə görüntülü danışdı. Oğlum İsmayılın uğurunu yüksək qiymətləndirdi, mənim özümlə Azərbaycan adına İsveçdə görülməsi mümkün və vacib olan tədbirlər barədə müzakirə apardı. Bu oğlumn ilk uğuru deyildi.  Bundan əvvəl də onun bir çox uğurları olub amma, keçmiş diaspora sədri Nazim İbrahimov bir dəfə də olsun dəstəyi götürüb bizə zəng vuraraq təbrik etməyib”.

Kənan Hacıəkbəroğlu
Kənan Hacıəkbəroğlu

K.Kacıəkbəroğlunun sözlərinə görə, diaspora təşkilatlarının ümummili maraqları qoyub bir-biriləri ilə mübarizə aparması adi hala çevrilmişdi : “3 milyonluq ermənilərin Avropadakı diaspora təşkilatlarının işinə bir baxın. Onlar lobbiçilik istiqamətində çox da enerji sərf etmirlər. Buna ehtiyac da görmürlər. Çünki bizim diaspora təşkilatlarımız elə özləri bir-birilərini qırır. Artıq bu problemlər yavaş-yavaş həll olunur. Hiss olunur ki, yeni komitə sədrinin təsiri böyükdür”.

K.Hacıəkbəroğlu deyir ki, diaspora işinin müxalifəti-iqtidarı olmur : “Başqa vaxt fərqli qanadlarda ol, bir söz deyən yoxdur. İş ümumilli məsələyə gələndə bir masa arxasında oturub, müzakirə aparıb ölkə üçün iş görməlisən. Çox uzağa getməyək, baxın Türkiyə müxalifətinə. Ümumilli məsələdə iqtidarla bir olurlar. Əslində bunun adı siyasi tərbiyədir. Təəssüf ki, bu anlayış bizə yaddır. İnsan olan yerdə problemlər də olacaq. Amma, o problemlər danışıq yolu ilə həll oluna bilirsə danışığa getməliyik”. 

Qeyd edək ki, bu ilin aprelin 23-də Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib.

F.Muradov bu təyinatadək Milli Məclisin Gənclər və idman komitəsinin sədri vəzifəsində işləyib. Bundan əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov idi.