Emil Salamoğlu/AzEuroNews.com / Bakı   Bakıda avtobusla qatarın toqquşması üçün potensial ərazi təkcə Binə kəndində deyil. Elə götürək Bakıxanov qəsəbəsinin Atəşgah dairəisini, buradakı dəmiryol xəttinin üstündən də hər gün maşınlar, avtobuslar hərəkət edirlər.

Dairənin hər iki istiqamətində şalqbaumlar qoyulsa da, hansısa növbəti narkoman ya da mürgülü şoferin şlaqbaumun bağlı olmasını görməyib qatara girəcəyinə kimsə zəmanət verə bilməz. Ən dəhşətlisi odur ki, dəmiryol xəttinə görə piyada zolağı da yoxdur və hər gün insanlar ölümlə üzbəüzdürlər.

Bir neçə dəfə problemi işıqlandırmışıq, lakin Dövlət Yol Polisi tədbir görməyib. İkincisi, Binədək avtobusla qatarın toqquşması bu priblemi yenidən aktuallaşdırır.

AzEuroNews.com-a danışan yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, burda da şlaqbaumlar qısadır, sürücülər ərazidən şığıyıb keçirlər, diqqətsizlikdən növbəti faciə yaşana bilər.

Onlar çıxış yolunu əvvəlcə piyadalar üçün zolaq və ya hansısa hərəkət nişanı qoymaqda görürlər, qatarların şlaqbaumunun isə yenilənməsinə, xəbərdarlıq zənginin daha yaxşı eşidilməsi üçün təzəsinə ehtyac olduğu bildirilir.

Eləcə də Komsomol dairəsindən H.Əliyev prospektinə çıxan ara yolda da qatar relsləri var. Hər gün yük vaqonları burdan keçirlər. Amma bir neçə dəfə az qala qəza təhlükəsi yaranıb.

Şlaqbaumlar qısa və diqqət çəkən olmadığına görə sürücülər qatarın gəlişini gözləmədən bir göz qırpımında relslərin üzərindən keçiblər. Taksi sürücülər isə şəhərin ortasından dəmiryol xətlərinin yığışdırılması və istiqamətin dəyişidirilməsinin tərəfdarıdırlar.

Onların sözlərinə görə, bu problem hazırda Əmircan, Keşlə, “Şanxay” massivi adlanan ərazilərdə daha böyük təhlükə yaradır. Xüsusən də “Şanxay”da evlərin qapısı dəmiryol xətlərinin üstünə açılır. Bir neçə dəfə sakinlərin köçürülməsi planı gündəmə gəlsə də, hökumətin cidddi bir proqramı olmayıb.

Bu barədə gələn bazar reportajında ətraflı bəhs edəcəyik. Atəşgah dairəsinıə gəlincə, dəmiryol xətti keçdiyinə görə işıqfor quraşdırmaq olmur. Amma piyada keçid xətti çəkmək rəsm əsəri çəkmək deyil ki, yarım saatın işidir…

Bu yolun təhlükəliyi hər an qaynar olması ilə bərabər iki tərəfdən avtomobillərin hərəkətliliyidir. Bülbülə qəsəbəsindən gələnlərlə Bakıxanovun içindən gələn nəqliyyat bu dairədən keçirlər. Əslində, dairədən əlamət də yoxdur. Dəmiryol xəttini keçən maşınlara Bülbülədən gələnlər yol verir, sonra özləri dərhal hərəkət edirlər.