Foto © Fərhad Çağtürk / AzEuroNews.com
Foto © Fərhad Çağtürk / AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln ► Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF ) Almaniyaya geri qayıdan almanların inteqrasiyası üçün ayrıca qurum yaradıb. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, Almaniyaya sonradan qayıdan almanların xüsusi statusu ölkənin əsas qanununun 116-cı maddəsi ilə müəyyən olunur. 

Almaniya hökumətinin miqrantlar və milli azlıqlarla bağlı məsul komissarı Bernd Fabricius qurumun yaranmasını əsaslandıran zaman bildirib ki, Almaniya sonradan gələn miqrant qrupuna aid olan almanlar əhalinin digər kateqoriyalarından kəskin fərqlənir. Bu fərq digər quplara müqayisədə də aydın görünür və onların inteqrasiyası sürətləndirilməlidir. Buna görə də, mühacirlərin bu xüsusi qrupunun mövcud olmasını nəzərə almaq və onların cəmiyyətə sürətli inteqrasiyasını təmin etmək məqsədi ilə BAMF xüsusi şöbə yaradıb.

Yeni ixtisaslaşmış qurum 1 oktyabr 2018-ci ildən fəaliyyətə başlayıb. 

Yeni yaradılmış idarə sonradan Almaniyaya köçən almanların reabilitasiyası və inteqrasiyası ilə bağlı tədbirləri həyata keçirəcək. Bu isə o deməkdir ki, sonradan Almaniyaya köç edərək qayıdan almanların, yəni etnik mənşəzinə görə alman olanların inteqrasiyası Almaniyaya köç edən başqa immiqrantlardan fərqli qaydada aparılacaq. Bu isə həm də o deməkdir ki, onlar dövlət tərərfindən daha ciddi dəstək ala biləcəklər.

“Leqat” inteqrasiya mərkəzi hesab edirik ki, Almaniyada fəaliyyət göstərən QHT-lər və beynəlxalq təşkilatlar bu qurumun yaradılmasını ayrı-seçkiliyə şərait yaradan hal kimi qiymətləndirəcəklər.