Emil Salamoğlu/AzEuroNews.com ► Dövlət Statistika Komitəsi 2018-ci ilin yanvar-avqust ayına ölkə üzrə qeydə alnan işsizlərin sayını açıqlayıb. Komitənin açıqladığı siyahıda işsizliyin ən az olduğu 10 rayondan biri də Rusiya ilə sərhəd bölgəmiz olan Qusardır.

Bununla bağlı Qusarın millət vəkili, Milli Məclisin Regional Siyasəti Komitəsinin üzvü Azər Badamov AzEuroNews.com-a bildirib ki, komitənin yaydığı məlumatda yanlışlıq ola bilməz. Deputatın  dediyinə görə, Qusar bu gün sosial-iqtisadi cəhətdən ən inkişaf edən rayonlardan biridir:

“Bilirsiniz ki, Qusarda qış-yay turizm kompleksi var, “Şahdağ” turizm kompleksində gələcəkdə 3000 nəfərin orda işlə təmin olunacağı nəzərdə tutulub. Ancaq indinin özündə qusarlı gənclər orda işlə təmin ediliblər, o cümlədən rayonda müxtəlif iş yerləri açılıb, Qusar kənd təsərrüfatı zonasıdır, aqrar sahədə də işləyənlərimiz çoxdur. Yəni, bütün sahələrdə insanlar işlə təmin olunublar”.

Deputatın sözlərinə görə, o demək deyil ki, Qusarda iş üçün müraciətlər edilmir: “Rayonumuzda yeni konserv zavodlar tikiləcək, bununla işsizliyin səviyyəsi daha da aşağı salınacaq. Bizim doğma rayonumuz Qusarın ən az işsizlik olan rayonların siyahısında yer alması sevindirici haldır”.

A.Badamov qeyd edib ki, ona müxtəlif məsələlər görə vətəndaşların müraciətləri olur: “İşlə bağlı olur, yeni nəsil universiteti bitirib rayona qayıdır, yeləşmə ilə bağlı müraciət edirlər.

Qusarda qazlaşmanın tezləşdirilməsi, yol infrastrukturunun qurulması və başqa məsələlərlə bağlı müraciətlər edirlər. Bizim tərəfimizdən də təşkilatlarla əlaqə saxlanılır”.