Fərhad Çağtürk / AzEuroNews.com / Köln  Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) qaçqınları üç deyil, beş il sonra yoxlamaq istəyir. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a verilən məlumata görə, bu ölkədə qaçqın statusu almış şəxslər barəsində araşdırma üç il deyil, beş ildən sonra aparılacaq. Belə bir layihə BAMF-da hazırlanmaqdadır. Federal İdarə əməkdaşları hesab edirlər ki, status alan şəxs haqqında məlumatların dəqiqləşdirilməsi üçün hazırki tarix, yəni üç il çox qısadır. Onlar hesab edirlər ki, mənşə ölkədə 3 il hansısa dəyişikliyin olması üçün çox qısa olduğundan müddət dəyişməlidir.

BAMF nümayəndəsi mətbuata açıqlamasında bildirib ki, mənşə ölkədə vəziyyət bir qayda olaraq üç il ərzində dəyişmir.

BAMF təmsilçiləri həmçinin hesab edirlər ki, Suriya, İraq və Əfqanıstan kimi ölkələrdən gələnlərin əksəriyyəti sənəd vermədiyi üçün onlar haqqında yoxlamalar da yenidən aparılmalıdır. BAMF nümayəndələrinin sözlərinə görə, ilk növbədə, 2015 – 2016-cı illərdə yoxlanılmadan yaşamaq icazəsi alan şəxslərlə bağlı mütləq yoxlamalar aparılmalıdır.

Solcular isə təkrar yoxlama aparılmasının tam əleyhinə çıxış edirlər. Daxili siyasi məsələlər üzrə Sol (Linke) Partiyanın eksperti Ulla Elke (Ulla Jelpke) “Müəyyən bir səbəb olmadan təkrar-təkrar – üç və ya beş il yaşadıqdan sonra – çox mürəkkəb və bürokratik bir yoxlamanın aparılması qaçqınlarda qeyri-müəyyənlik duyğusunun artmasına səbəb olduğuna görə yolverilməzdir”,-deyib.

“Leqat”da bildirilib ki, status alanlar haqqında yoxlama müddətinin 3 ildən 5 ilə qaldırılması haqqında qərar qəbul olunarsa, qaçqın statusu alanlara indiki kimi 3 il deyil, 5 il müddətinə qaçqın statusu veriləcək.