“Maykl” qasırğasının yaxınlaşması ilə əlaqədar ABŞ-ın Florida ştatında təxliyyə işlərinə başlanılıb, 140 min insan evlərini tərk etmək məcburiyyətində qalıb, o cümlədən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Tindall” aviabazası boşaldılıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, yerli mağazalarda rəflər demək olar, boş qalıb, qasırğa vaxtı yalnız evdə olmağı planlaşdıranlar hər şeyi alıblar.

“Maykl” qasırğası artıq 5 mümkün dərəcədən 4-cü kateqoriyaya aid edilir.

Qasırğa zonasında küləyin maksimum sürəti saniyədə 54 metrdir. İndi “Maykl” Meksika körfəzindədir və Florida istiqamətində hərəkət edir.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Florida ştatında, həmçinin Corciya və Alabamada fövqəladə vəziyyət elan edib.