Musa Quliyev
Musa Quliyev

Emil Salamoğlu/AzEuroNews.com  “Mən İnzibati Xətalar Məcəlləsində hər hansısa dəyişikliyə və yaxud cərimələrin artırılmasına ehtiyac görmürəm. Bu sahədə ən effektiv mübarizə yol polisinin 2-3 gündən bir reydlər keçirməsidir”.

Bu sözləri AzEuroNews.com-a millət vəkili Musa Quliyev Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin reydləri zamanı 100 avtobus sürücüsünün tibbi müayinədən keçməməsinin üzə çıxmasından danışarkən bildirib.

Deputatın sözlərinə görə, sürücülərlə yanaşı həkim, dispetçer və həmin marşrut şirkətlərinin sahibləri də cəzalanmalıdır. M.Quliyev prezidentin Nazirlər Kabinetinin iclasında bu məsələyə toxunmasından sonra nəzarətin daha da güclənəcəyinə inanır:

“Bu sahə uzun müddət başdı-başına buraxılmışdı. Prezident də artıq çox sərt şəkildə xəbərdarlıq elədi və ümid edirəm ki, qısa zaman bu məsələlər düzələcək. Eyni zamanda müvafiq qurumların ictimai nəzarəti olmalıdır.

Həmçinin, İqtisadi İnkişaf Nazirliyi həmin şirkətlərdə vaxtaşırı yoxlamalar aparmalıdır. Çünki sahibkara geniş imkan yaradılır və ona nəzarət olmayanda vəziyyətdən sui-istifadə etməyə başlayır”.

Deputat ictimai nəqliyyatda fəaliyyət göstərən firmaların azaldılmasının əleyhinədir: “Rəqabət mühiti olmayanda keyfiyyət aşağı düşür, monopoliya halları yaranır, süni qiymət artımına yol verilir. Sadəcə, nəzarət güclənməlidir. Mən yol polisinin reydlərini dəstəkləyirəm və hesab edirəm ki, onlar KİV və QHT-ləri də bu işə cəlb etməlidirlər”.

Qeyd edək ki, ötən gecə Yasamal, Nərimanov, Səbail, Nizami və digər rayonlarda aparılan yoxlamalar nəticəsində ictimai nəqliyyat sahəsində qənaətbəxş olmayan bəzi məqamlar ortaya çıxıb.

Məlum olub ki, həmin ərazilərdə təxminən 100-ə yaxın avtobus işdən sonra binaların həyətlərində, səkilərdə, yolun hərəkət hissəsində və digər qanunla qadağan edilmiş ərazilərdə saxlanılır. Hətta yanacaqdoldurma məntəqələrini və ətraf əraziləri özünə dayanacaq seçən avtobus sürücülərinə də rast gəlinib.

Səhər isə saat 6-7 radələrində həmin sürücülər heç bir tibbi müayinədən keçmədən, nəqliyyat vasitəsinin texniki vəziyyəti yoxlanılmadan sükan arxasına əyləşərək sərnişindaşıma ilə məşğul olurlar. Bu isə ictimai nəqliyyat sahəsində təhlükəsizliyin tam təmin edilməsinə ciddi əngəl yaradır.

Araşdırma zamanı həmçinin müəyyən edilib ki, reysə çıxan sürücülər hər gün tibbi müayinədən keçməli olduqları halda bəzi sərnişindaşıma şirkətləri həmin sənədi avtobusu idarə edən şəxslərə aylıq təqdim edirlər.

Prezident İlham Əliyev bildirib ki, son vaxtlar baş vermiş dəhşətli qəzalar bizim hamımızı çox üzür və bu, vətəndaşlar üçün çox böyük faciədir, böyük itkidir: “Nəyə görə? Çünki sükan arxasında oturan öz məsuliyyətini dərk etmir. Onun psixoloji, narkoloji durumuna, peşəkarlığına lazımi qaydada nəzarət olunmur, sadəcə olaraq pul naminə. Şirkətə pul lazımdır. Ona görə də bədbəxt hadisələr baş verir.

Avtobus qatara çırpılır, günahsız insanlar həlak olur. Mühafizə orqanları belə hallara çox ciddi reaksiya verməlidir və belə hallar nəzarətdə olmalıdır. Çünki bəzi hallarda bu hadisəni törədənlər müəyyən müddətdən sonra məsuliyyətdən yayınırlar. Ona görə, buna son qoymaq üçün müvafiq qurumlar tərəfindən çox ciddi təftiş aparılmalıdır.

Avtobusları idarə edən şirkətlər çox ciddi nəzarətə götürülməlidir. Avtobusların texniki parametrləri ilə bağlı çox ciddi təftiş aparılmalıdır. Mən bir daha demək istəyirəm, əfsuslar olsun ki, özəl sektor bu sahədə istədiyimizə nail ola bilmədi.

Bu sahə, ümumiyyətlə, özəl sektorun ixtiyarına buraxılmışdı. Belə bir fikir var idi ki, onlar bunu yaxşı idarə edəcəklər, məsuliyyətlə. Amma biz nəyi görürük? Gedirlər sıradan çıxmış, sınıq-salxaq avtobusları gətirib salırlar bizim küçələrimizə.

Həm insanlar, həm hava üçün təhlükədir, həm də ümumiyyətlə, heç bir normaya sığmır. Ona görə, bizim dövlət qurumumuz var – “Bakubus” şirkəti. Onların xətti ilə biz bu işi davam etdirməliyik. Əgər özəl şirkətlər bu sahədə işləmək istəyirlərsə, öz işlərində çox ciddi dəyişiklik etməlidirlər və dövlət orqanları onlara çox ciddi nəzarət etməlidir”.