Gülağa Aslanlı
Gülağa Aslanlı

Emil Salamoğlu/AzEuroNews.com ►“Müsavat Partiyası hesab etmir ki, hökumət qurulanda vəzifələrə yalnız müsavatçılar təyin olunmalıdır. Bu, yanlış yanaşmadır və heç bir partiyada belə düşüncə olmamalıdır. Əksinə, dövlətin içində işləyən və haqqın yanında duran mütəxəssislər ola bilər ki, onlarla hökumət qurmaq olar”.

Bu sözləri AzEuroNews.com-a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı ReAL partiyasından Erkin Qədirlinin “hakimiyyət bir müddət qalmalıdır, bizim idarəçilik təcrübəmiz yoxdur” fikrinə münasibət bildirərkən deyib.

G.Aslanlının fikrincə, E.Qədirlinin sözləri şəxsi fikridir və Müsavat bu mövqeyi qətiyyən bölüşmür: “Rəhmətlik Elçibəy hakimiyyətdən getdikdən sonra kadrlarını Heydər Əliyevin komandası ilə müqayisə edəndə demişdi ki, bizim hökumətdə azı 20 səriştəli, nəfsi tox, dürüst və bacarıqlı məmur göstərə bilərəm, onlar birini göstərsinlər. Eyni sözləri indiki hakimiyyətə də şamil edərdim.

Ona görə də biz hakimiyyətə kənardan baxmaq yox, hazırlaşmalıyıq. Müsavatın təklikdə, yalnız müsavatçılardan təşəkkül tapan hökumət qurmaq yanaşması yoxdur, müxalifətdə kifayət qədər savadlı, ixtisası üzrə peşəkar kadrlardan ibarət birgə komanda qurmaq olar”.

E.Qədirli həmin fikirləri ilə bağlı feysbukda yenidən rəyini paylaşıb: “Kadr potensialı” haqqında məndən çox nikbin və ümidli danışa biləcək başqa adam yoxdur. BDU-nun Hüquq Fakültəsində 12 il müəllim olmuşam, minlərlə tələbəyə dərs demişəm. Tələbələrimin bir çoxu dövlət qurumlarında uğurlu karyera qura bilib.

Aralarında nazirlər, nazir müavinləri, idarə rəisləri, şöbə müdirləri, prokurorlar, hakimlər, polkovnik rütbəsinə qədər yüksələnləri var. Hələ çeşidli vəzifələrdə olan dostlarımı və yaxşı tanışlarımı demirəm. Nəsil dəyişimi haqqında məndən çox yazan və danışan olmayıb. Özü də mən bu haqda illər öncə danışmağa başlamışam, kimsə buna önəm verməyən dönəmlərdə.

İndi görürəm ki, mənə ünvanlanmış tənqidlərin təməlində bütün bunlardan (yeni nəsil kadrlardan) xəbərsiz olduğum güman edilir.

Hamı birdən-birə optimist oldu. Çünki sözlərimdən nəticə çıxarmağa tələsdilər. Təmkinlə düşünsəydilər, nə demək istədiyimi anlayardılar. Düşünərkən belə tələsirlər. Tələsməyin!”