Flora Qasımova
Flora Qasımova

Emil Salamoğlu/AzEuroNews.com “Açığı, mən ilk dəfə eşidirəm ki, köçkün olmayan vətəndaş adını qaçqın kimi yazdırıb dövlət tərəfindən tikilən binadan mənzil alır. Mənə bir millət vəkili kimi indiyə qədər belə müraciət olmayıb. Cənab prezidentin çıxışından sonra bilmişəm ki, belə narahatlıq var. Görünür ki, dövlət başçısı bu haqda məlumata malikdir”.

Bu sözləri AzEuroNews.com-a 122 saylı Xankəndi seçki dairəsindən millət vəkili, Milli Qəhrəman Şirin Mirzəyevin xanımı Flora Qasımova prezidentin bəzi vətəndaşların qaçqın kimi qeydiyyata salınıb dövlətdən ev almaları haqda çıxışına münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, ona millət vəkili kimi belə bir problemlə bağlı müraciət olmayıb: “Qaçqın və məcburi köçkünlər hansısa bağçalarda, binalarda qeydiyyatda olurlar.

Qeydiyyat məsələsi və onların yerləşdirilməsi ilə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi məşğuldur. Əvvəllər icra hakimiyyətlərində köçkünlərlə iş üzrə şöbələr fəaliyyət göstərirdi, ləğv elədilər. Ancaq “Qaçqınkom”un hər rayonda nümayəndəliyi var.

Kim harda məskunlaşıbsa, onlarda məlumatlar olur. Bir daha deyirəm ki, dünən mən cənab prezidentin çıxışında bu məsələdən xəbər tutmuşam. Çünki indiyə qədər özümə belə halla bağlı müraciət edən olmayıb”.

Qeyd edək ki, ötən gün oktyabrın 9-da Nazirlər Kabinetinin ilin 9 ayının yekunlarına həsr edilmiş iclasında prezident İlham Əliyev daha bir ağrılı məsələ-qaçqın və məcburi köçkünlər üçün tikilən mənzillərin bölüşdürülməsində korrupsiya və fırıldaq halları barədə danışıb. İ.Əliyev köçkünlərin vəziyyətindən istifadə edib gəlir əldə edənlərin “vicdanının, imanının olmadığını” bildirib.

Sitat: “Bəzi hallarda köçkün olmayan vətəndaş gedib yalandan öz adını yazdırır, sonra dövlətdən mənzil alır. Belə hallar var və köçkünlər xoşagəlməz hallarla üzləşirlər. Növbə ilə bağlı məsələlər var. Yəni, ədalətsizliklər aradan qaldırılmalıdır və pozuntulara yol açan boşluqlar da bağlanmalıdır.

Növbədə dayanan, ən ağır vəziyyətdə yaşayan vətəndaş, ilk növbədə, mənzil almalıdır, belə göstəriş verilib. Mənzil ancaq köçkünə verilməlidir. Bəzi hallarda məlumat gəlir ki, köçkünlər üçün tikilmiş evlərdə başqa vətəndaşlar yaşayır.

Bəzi hallarda biləndə ki, misal üçün, ev söküləcək, yeni evə köçürüləcəklər, yerli icra orqanları, digər qurumlar gedib oraya pul müqabilində köçkün olmayan adamların adlarını yazdırırlar. Bu, ən böyük vicdansızlıqdır. Köçkünlərin vəziyyətindən istifadə edib əsassız imtiyaz, gəlir əldə etmək ən böyük günahdır, vicdansızlıqdır.