Ramiyə Məmmədova
Ramiyə Məmmədova

Emil Salamoğlu/AzEuroNews.com ► “Rahib Branson azadlığa buraxıldı. Bu hadisə Ankara-Vaşinqton arasındakı buzları əridə bilər”.

Bu sözləri AzEuroNews.com-a politoloq Ramiya Məmmədova bildirib. Analitikin sözlərinə görə, ABŞ üçün bu məsələ əhəmiyyətlidir və rahib azadlığa çıxdığı üçün Ankara-Vaşinqton əlaqələrində buzlar müəyyən qədər əriyə bilər.

“Əlbəttə ki, bu hadisə Türkiyənin hazırda yaşadığı ağır iqtisadi şəraitə müsbət təsirlərini göstərə bilər. ABŞ-ın Türkiyəyə iqtisadi sanksiyaları ölkəni çox çətin vəziyyətlə qarşılaşdırıb və bir çox sahələr iflic vəziyyətə düşüb, dollar lirəni ölümcül hala salıb.

ABŞ dəfələrlə “Tvitter” üzərindən iki ölkə arasında ən böyük problemin Branson olduğunu bildirərək Türkiyəyə mesajlar göndərib. Artıq bu gün problem həll olundu.

Bransonun ev dustaqlığına buraxılması gözləntiləri var idi. Hətta məhkəmə rahibə hökm oxusaydı, onun bu müddət ərzində məhkumluq həyatı azadlığa çıxmasını şərtləndirirdi”, -deyə R.Məmmədova bildirib.

Siyasi şərhçi Ankaranın da qarşılıq olaraq Vaşinqtondan gözləntilərinin olduğunu hesab edir: “ABŞ Türkiyəyə verdiyi sözləri hələ də tutmur. Suriyada Minbicdəki terroristlərə silah-sursat təchizatını davam etdirir. Halbuki, Türkiyəyə terroristlərin ərazini tərk edəcəyini söz vermişdi. Vaşinqton rahib Bransonu tələb edirdi, rəsmi Ankara ABŞ-ın bu istəyini yerinə yetirdi.  Ankara indi Fətullah Gülənin təhvil verilməsini istəyir. Amma ABŞ bu məsələdə də Türkiyənin gözləntilərini yerinə yetirmir.

O baxımdan Branson azadlığa çıxması Türkiyənin ABŞ-a bir jesti oldu və qardaş ölkə rəsmi Vaşinqtondan adekvat addım gözləyəcək. Yəni, iki ölkə arasındakı münasibətlərin bundan sonrakı siyasi kursunun necə olacağı, Türkiyə iqtisadiyyatına necə təsir edəcəyi ABŞ-dan daha çox asılıdır”.